Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” elektron resursunun təqdimatı olub

Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” elektron resursunun təqdimatı olub
12:57 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ Bakıda, Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub.
Tədbiri Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq bildirib ki, İslam aləminin bir parçası olan, müsəlman dünyasına və eləcə də bəşəriyyətə görkəmli simalar bəxş edən Azərbaycan hər zaman sanki bir cazibə mərkəzi olub: "Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan bütün ictimai-siyasi quruluşlar zamanı İslami dəyərləri yaşatmaqla bərabər, Qərbin mütərəqqi ideyalarını da mənimsəyib və özünəməxsus şəkildə inkişaf etdirib. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik cümhuriyyət 100 il öncə məhz Azərbaycanda qurulub. Sovetlər dönəminin bütün dini təzahürlərə qarşı ən repressiv üsullarla mübarizə apardığı dövrdə belə, Azərbaycan xalqı öz dini adət-ənənələrini və milli-mənəvi dəyərlərini yaşadıb".
Onun sözlərinə görə, Azərbaycanın XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra “Dini etiqad azadlığı haqqında” qanun qəbul edib, din-dövlət münasibətlərini tənzimləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb: "Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Konfransı Təşkilatına üzv olub, müsəlman dövlətləri ilə diplomatik əlaqələr qurub. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlər də məhz müsəlman dövlətləri olublar. Bu gün Azərbaycan bütün müsəlman dövlətləri ilə qarşılıqlı mənfəətə və beynəlxalq hüquq normalarına əsaslanan diplomatik münasibətlər qurulub. Azərbaycan Avropa Şurasının, ATƏT-in, UNESCO-nun üzvü olmaqla bərabər, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların da üzvüdür. Müsəlman ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir".
M.Əhmədov qeyd edib ki, hazırda qloballaşan dünyada gedən proseslər göstərir ki, müsəlman dünyasının əvvəlki dövrlərdə heç olmadığı qədər, daha çox birliyə və həmrəyliyə ehtiyacı var: "2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədləri müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməkdir. Bütün bunları nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları “Azərbaycan və İslam dünyası” adlı elektron resurs hazırlayıblar. Hələlik Azərbaycan dilində hazırlanan elektron resurs http://islamworld.preslib.az/ domenində yerləşdirilib və 12 əsas bölmədən ibarətdir. Əvvəlcə Azərbaycan haqqında qısa məlumat verilib. 
"İslam” bölməsində onun mahiyyəti, “Qurani-Kərim” haqqında müfəssəl şərhlər verilib, İslam həmrəyliyinin mahiyyəti və onu zəruri edən faktorlar haqqında söhbət açılıb. “Qurani-Kərim” yarımbölməsində Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsində “Qurani-Kərim”in Kitabxananın əməkdaşları tərəfindən pdf formatında hazırlanan mətni yerləşdirilib. 
İslam Əməkdaşlıq Təşkilatından (İƏT) bəhs edən bölmədə qurumun tarixçəsi haqqında qısa arayış verilib, üzv dövlətlərin hər biri haqqında ayrıca zəruri informasiya təqdim edilib, qurumun zirvə görüşləri, Azərbaycan-İƏT əlaqələrinə və İƏT-in Ermənistanın hərbi təcavüzünə qarşı qəbul etdiyi sənədlər haqqında ayrıca materiallar yerləşdirilib.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ISESCO haqqındakı bölmədə təşkilatın strukturu, onun fəaliyyət istiqamətləri, xoşməramlı səfirləri və Azərbaycan-ISESCO münasibətlərinə dair materiallar toplanılıb.
İqtisadi Əməkdaşlıq Təşkilatından (ECO) bəhs edən bölmədə müsəlman dövlətlərini birləşdirən bu regional təşkilatın əsasən nəqliyyat və kommunikasiya, ticarət və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyi və ölkəmizin bu qurum çərçivəsində səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” bölməsində təşkilatın məqsəd və vəzifələri, strukturu, qurumları, Azərbaycanla türkdilli dövlətlərin əməkdaşlığı barəsində ayrı-ayrı yarımbölmələrdə istifadəçilərə məlumat verilir.
Elektron resursun maraqlı bölmələrindən biri də “İslamiada” adlanır. Bu bölmədə İslam Həmrəyliyi Oyunlarının qısa tarixçəsi və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları barədə geniş məlumat verilir.
“Sənədlər” bölməsində yuxarıda adları sadalanan qurumlarla bağlı qəbul edilmiş qərarların, fərman və sərəncamların mətnləri, habelə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın mövzu ilə bağlı nitqlərinin, çıxışlarının, müsahibələrinin mətnləri toplanılıb.
“E-Resurslar” bölməsində Azərbaycan və rus dillərində İslama aid kitabların elektron versiyaları, Azərbaycan, ingilis və rus dillərində məqalələrin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan elektron mətnləri yerləşdirilib.
“Bblioqrafiya” bölməsində isə mövzu ilə bağlı Azərbaycan, türk, ingilis və rus dillərində seçmə kitabların və məqalələrin biblioqrafik təsvirləri verilib.
Elektron resursun “Fotoqalereya” bölməsində Azərbaycanın İslam ölkələri ilə əlaqələrini özündə əks etdirən fotolar toplanılıb.
Mütəmadi olaraq yenilənən “Azərbaycan və İslam dünyası” elektron resursunun ingilis dilində versiyasının da hazırlanması nəzərdə tutulur. 

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/prezident-kitabxanasinda-azerbaycan-ve-i-slam-dunyasi-elektron-resursunun-teqdimati-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR