Qətərlə siyasi böhran, dünyanın iqtisadi vəziyyəti...

7 ərəb ölkəsinin Qətərlə əlaqələrini kəsməsi iqtisadi baxımdan dünyanı hansı nəticələrlə üz-üzə qoyacaq?

Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirdi ki, Qətərlə digər region ölkələrinin arasındakı intriqanın kökündə çoxlu sayda amillər dayanır:

“Qətər neft və qaz ölkəsidir. Burada sutkada cəmi 0,6 milyon barel neft çıxarılır. Ancaq təbii maye qaz ixracına görə bu ölkə liderdir. Bundan əlavə, Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli olan Hörmüz boğazına Qətərlə İran nəzarət edir. Bu, dünyanın strateji cəhətdən ən əhəmiyyətli tıxac nöqtələrindəndir.

Demək istədiyim budur ki, konflikt dərinləşsə, neft bahalaşa bilər. Hələlik, neft ucuzlaşır. Çünki ortaya başqa söhbətlər atılır. Misal üçün qeyd olunur ki, Qətərin son addımları nəticəsində OPEK bir qurum kimi gərəyini itirir. Neftin qiymətini son vaxtlar 50 ABŞ dollarından yuxarıda saxlayan elə OPEK-in hasilatı azaltmaq barədə qərarı idi. Sözün qısası, Qətər ətrafında baş verənlərin nəyə hesablandığı hələ aydın görünmür”.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy də Qətərlə diplomatik əlaqələri kəsib.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR