69,4 min manat gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib

69,4 min manat gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib
11:15 7 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Əmək Müfəttişliyi Xidməti 69,4 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlərin bir istiqaməti də əmək haqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılmasına yönəlib.

Bu sahədə görülən tədbirlər nəticəsində cari ilin yanvar-may aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 69,4 min manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 65 630 manatı (94,6 faiz) gecikdirilmiş əmək haqlarından, 2500 manatı (3,6 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmələri ilə bağlı müraciətləri əsasında da müvafiq tədbirlər görülüb. İşindən qeyri-qanuni azad edildiyi müəyyən olunan bir sıra şəxslər yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.

Cari ilin ötən dövründə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyində əksini tapan normalar, əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə məlumatlandırma işləri, habelə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri də davam etdirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2763647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR