DSX mərkəzi aparat rolunu oynayacaq

Dövlət başçısının sərəncamı ilə Elçin İsağa oğlu Quliyev ötən gün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi təyin edildi.

Bu barədə Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, prezidentin bu sərəncamı Azərbaycanın dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində atılan növbəti addımdır:

“Bu sərəncam Azərbaycan Dövlət Sərhəd Xidmətinin strukturunu genişləndirməklə yanaşı, fəaliyyət istiqamətlərini də genişləndirməyə xidmət edəcək. Bu günə qədər DSX-nin tabeliyində olan qurumlar çox da iri olmayan birləşmə şəklində fəaliyyət göstərirdi. DSX Sərhəd Qoşunları formatında fəaliyyət göstərirdi. Bu sərəncamdan sonra Sərhəd Qoşunları daha böyük bir qurum formatında fəaliyyət göstərəcək. Artıq Sərhəd Qoşunları, Sərhəd Qoşunlarının sahil mühafizəsi, həmçinin xüsusitəyinatlıları ayrı-ayrılıqda DSX-yə tabe qurum olaraq fəaliyyətini davam etdirəcək. Nəticədə həm Sərhəd Qoşunları, həm sahil mühafizə, həm də xüsusitəyinatlıların maddi texniki bazası, şəxsi heyəti gücləndiriləcək.

DSX mərkəzi aparat rolunu oynayacaq

Bu, həm də DSX-nin fəaliyyətində operativliyi və effektivliyi artıracaq. Bildiyimiz kimi, bu günə qədər o qurumların hər biri DSX-nin tabeliyində olsa da, iri qoşun birləşməsi kimi fəaliyyət göstərmirdi. Məsələn, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun növləri – Hərbi Dəniz Qüvvələri ayrı bir qüvvə kimi fəaliyyət göstərir, xüsusi statusu, özünün ayrıca qərargahı və fəaliyyətini idarə edən strukturu var. Sərəncamdan sonra DSX qeyd olunan həmin qurumları - Sərhəd Qoşunları, sahil mühafizəni və xüsusitəyinatlı qüvvələri idarə edən mərkəzi aparat rolunu oynayacaq. Həmin qoşun növləri isə ayrı-ayrılıqda hərbi birləşmə olaraq fəaliyyət göstərəcək”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR