“Teleqraf Holdinq”in ev almaq üçün namizədləri müəyyənləşdi - SİYAHI

“Teleqraf Holdinq”in ev almaq üçün namizədləri müəyyənləşdi - SİYAHI
21:58 7 İyun 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün “Teleqraf Holdinq”in redaksiyasında Teleqraf.com, Axar.az və Publika.az xəbər portallarının Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib.

İclası sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev izləyib.

İclasa sədrlik edən “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı mətbuata göstərilən dövlət qayğısından danışıb, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən binaya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib:

“Jurnalistlərin sosial durumu nəzərə alınaraq, onların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə bina inşa edilməsi dünyada analoqu olmayan hadisədir. Prezidentin humanist qərarına əsasən, üçüncü binanın da tikilməsi nəzərdə tutulub”.

Aynur Camalqızı holdinqdə evə ehtiyacı olan əməkdaşların sayının çox olduğunu dilə gətirib və gələcəkdə onların da evlə təmin olunacağına ümid etdiyini bildirib: “Bizim holdinqdə 30 ilə yaxın stajı olan jurnalistlərimiz var ki, onların mənzil şəraiti qənaətbəxş deyil. Teleqraf.com saytının baş redaktoru Pərviz Cəbrayıl 30 ildir jurnalistikadadır. Onun yetkinlik yaşına çatan övladları var, darısqal mənzildə yaşayır. Amma buna baxmayaraq, Pərviz Cəbrayıl namizəd olmaqdan imtina etdi, redaksiya adından ilk növbədə mənzili olmayan jurnalistlərin namizədliyinin irəli sürülməsini təklif etdi”.

A.Camalqızı onu da vurğulayıb ki, bu il Milli Mətbuat Günündə jurnalistlər üçün üçüncü binanın təməli qoyulacaq. Bir neçə ildən sonra evə ehtiyacı olan digər jurnalistlərin də namizədliyini irəli sürmək imkanı yaranacaq.

“Bəzi redaksiyalarda kriteriyalara uyğun gələn namizədlərin sayı az ola bilər. Bizim Teleqraf.com və Publika.az saytlarında imzası tanınan, mətbuatın fədakarlarından hesab edilən, lakin mənzilə ehtiyacı olan namizədlərin sayı kifayət qədərdir. Ancaq qaydalara görə, hər saytdan maksimum 3 namizəd müəyyən edə bilərik. Bununla yanaşı, fərdi qaydada müraciət edəcək əməkdaşlara dəstəyə hazırıq. Bir daha vurğulayıram ki, mənzilə ehtiyacı olan namizədlər məyus olmasın, bu son deyil. İnanıram ki, yaxın illərdə üçüncü bina da hazır olacaq və biz həmin binaya namizədlər siyahısında mənzilə ehtiyacı olan işçilərimizi diqqətdə saxlayacağıq. Bu iclasda namizədliyi təsdiq ediləcək hər bir namizədə də uğurlar arzulayıram”.

Komissiya üzvü Aydın Quliyev jurnalistlərin mənzil təminatının ölkə prezidentinin diqqətində olduğunu deyib:

“Mən komissiya üzvü olaraq bu iclasda iştirak edirəm. Lakin burada veriləcək heç bir qərara müdaxilə edə bilmərəm. Bizim bu iclasda iştirakımızın məqsədi müəyyən ediləcək namizədlərin tələblərə uyğun müəyyən edilməsidir. Şərtlər bəllidir və biz də tələblərə uyğun jurnalistlərin seçimində kollektivə dəstək olacağıq. Bu vaxta qədər iştirak etdiyim iclaslara əsasən deyə bilərəm ki, bəzi redaksiyalarda mənzilə ehtiyacı olan əməkdaşların sayı çox olsa da, bəzilərində müəyyən edilmiş say belə tamamlanmır. Lakin verilən qərarın redaksiyanın ümumi mövqeyini əks etdirməsi vacibdir. Burada namizədliyi irəli sürüləcək hər bir jurnalistə uğurlar arzulayıram”.

Daha sonra Aynur Camalqızı mənzillərin verilməsi ilə bağlı açıqlanan qaydalara və şərtlərə uyğun gələn əməkdaşların adlarını açıqlayıb və səsvermə keçirilib. Səsvermənin nəticəsi olaraq saytlar üzrə namizədlər müəyyən edilib:

Teleqraf.com saytının namizədləri:

1. Zahid Nurəliyev - Teleqraf.com saytının redaktoru

2. Səxavət Həmidli - Teleqraf.com saytının əməkdaşı

3. Ruslan Xəlilov - Teleqraf.com saytının əməkdaşı

Publika.az saytının namizədləri:

1. Asif Nərimanlı - Publika.az saytının əməkdaşı

2. Ömər Əmirov - Publika.az saytının əməkdaşı

3. Bəxtiyar Əlirzayev - Publika.az saytının redaktoru

Axar.az saytının namizədləri:

1. Anar Niftəliyev - Axar.az saytının baş redaktoru

2. Anar Əhmədov - Axar.az saytının redaktoru

3. Dilqəm Əhməd - Axar.az saytının əməkdaşı

İclasda iştirak edən əməkdaşlar siyahı ilə bağlı fikirlərini səsləndiriblər. Hər bir sayt üzrə adıçəkilən namizədlərin lehinə və əleyhinə səsvermə keçirilib. Səsvermə nəticəsində adları çəkilən əməkdaşın sənədlərinin müvafiq komissiyaya təqdim olunması qərara alınıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/201735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR