​İran niyə hədəf seçildi?

“İranda gerçəkləşdirilən terror hücumunu İŞİD üstlənsə də, şübhəsiz ki, rəsmi Tehrana verilən mesajlar konkretdir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında İranın paytaxtında baş verən hadisələrə münasibət bildirən siyasi şərhçi Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, bu məsələdə diqqəti ilk növbədə zamanlama çəkir:

“Hadisələr ərəb ölkələrinin öz içində Qətərlə bağlı böhranın yaşandığı və bu böhranda İranın vacib səbəb kimi göstərildiyi bir zamanda baş verir. İŞİD-in Tehran hücumu, həmçinin ABŞ-ın rəhbərliyi ilə qurulan koalisiyanın 3 iyundan etibarən Rakka üzərinə hücum əməliyyatlarına start verməsi fonunda cərəyan edir. Bu hücumun başlamasından iki gün əvvəl isə Suriyanın Müdafiə Nazirliyindən əldə edilən sənədə görə, Suriya hökumətinin İrandan Rusiya və Suriya qüvvələri ilə çiyin-çiyinə döyüşən minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsinin istəndiyi xəbəri yayılıb. Göründüyü kimi, bölgədə yeni və son dərəcə ciddi proseslərə start verilməkdədir.


Sünni-şiə qarşıdurması üçün zəmin yaradılır

Heç şübhəsiz ki, ortaya atılan kart məzhəbsəl münaqişənin daha da alovlandırılmasına xidmət etmək üçün nəzərdə tutulub. Bölgədə, son dərəcə qanlı və nəticələri ağır ola biləcək bir sünni-şiə qarşıdurması üçün münbit zəmin hazırlanmaqdadır. İŞİD-in üstləndiyi bu hücum yoxlama xarakter daşıyır.

Hədəf nöqtələri diqqət çəkir

Hədəf alınan yerlərdən biri İran parlamentidir. 1979-cu il inqilabından sonra o binada silah səsi eşidilməmişdi. İran parlamentinin binası, İranın mövcud siyasi sistemində başlıca sütunlarından biridir. İkinci hədəfə alınan nöqtə isə İranın siyasi-iseoloji simasını müəyyənləşdirən və sistem üçün sözün həqiqi mənasında dəyər ifadə edən bir məkan – İmam Xomeyninin məqbərəsidir. Seçilən məntəqələr "dövlətin ürəyi" mənasında yerlərdir. Əslində bu hücum, İranın siyasi nüfuzuna son dərəcə ciddi zərbə oldu.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR