​Marketlərin yeni fırıldağı

Paytaxtda fəaliyyət göstərən marketlərin birində köhnə məhsulların tarixi yenisi ilə əvəz olunub.

Metbuat.az xəbər verir ki, müştəri marketdən aldığı un məmulatının üzərində iki ədəd qiymət kağızı aşkar edib. Kağızların müqayisəsi zamanı qiymət və çəki eyni olsa da, tarixdə fərq olduğu ortaya çıxıb. Bir ay əvvəl satışa çıxarılan məhsul alınmadığı üçün ikinci ayda yeni tarixlə satışa çıxarılıb.

Baş verən məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, tarixi keçmiş məhsulların marketlər və ya istehsalçılar tərəfindən yenidən satışa çıxarılması müştərilərin aldadılmasıdır:

“Nazirlər Kabinetinin 95 saylı qərarına görə, Azərbaycan əmtəə bazarına çıxarılan mallar bükülməli, etkiketlənməli, məhsulun üzərinə istehsal müəssisəsinin adı, ünvanı, məhsulun çəkisi, qiyməti, tarixi yazılmalıdır. Bu gün merketlərdə açıq halda satılan qida məhsullarının heç biri markalanmır. Bu, anormal haldır. Müştərilər marketlər tərəfindən aldadılmamaq üçün fabrik şəraitində bükülmüş məhsullar almalıdır. Məhsul alarkən onun tarixinin normal şəkildə yazılmasına fikir verməlidir. Əgər məhsulun üzərində qopub, yapışdırılan kağız varsa, onu almasınlar. Yararlılıq müddəti az olan mallara üstünlük versinlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR