Ukrayna Ali Radası (parlament) ölkənin xarici siyasətinin prioriteti kimi NATO-ya üzvlüyünün qanunverici əsaslarının möhkəmləndirən qanun layihəsini qəbul edib.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, layihəni parlamentin 276 üzvü dəstəkləyib.
Sənədi Ukrayna prezidenti imzalamalıdır.
Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukrayna Ali Radası bloklara qoşulmamaq siyasətindən imtinanı nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni hərbi doktrina NATO-ya üzvlük siyasətinin aparılmasını nəzərdə tutur. Hərbi doktrinaya görə Ukrayna öz silahlı qüvvələrini 2020-ci ilə qədər NATO ölkələrinin gücləri ilə tam uyğunluğunu təmin etməlidir. 2015-ci ilin dekabrında prezident Pyotr Poroşenkonun Brüsselə səfəri zamanı müdafiə-texniki əməkdaşlıq üzrə Ukrayna və NATO arasında “Yol xəritəsi” imzalanıb.
Amma ekspertlər güman edirlər ki, Kiyev ən yaxın 20 ildə NATO-a üzvlüyə iddia edə bilməyəcək. Avropa Komissiyasının başçısı Jan-Klod Yunker bildirib ki, Avropa İttifaqı və ya NATO-ya üzv olmaq üçün Ukraynaya 20-25 il lazım olacaq.
Rusiya isə həmsərhəd olduğu Ukraynanın NATO-ya üzvlüyünə sərt şəkildə qarşı çıxır.
Ömər Dağlı