Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir

Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir
13:15 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.

Bildirilir ki, Komitənin sədri Mübariz Qurbanlı Azərbaycanın tolerantlıq mühiti, xüsusilə Ramazan ənənələri barədə sənədli film çəkmək məqsədi ilə ölkəmizdə səfərdə olan Pakistanın “A-plus” telekanalının prodüseri Madiha Macidi qəbul edib.

Görüş zamanı Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrinə sahib olduğunu deyən M.Qurbanlı ölkəmizdə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, multikulturalizm və tolerantlığın Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət siyasətinə çevrildiyini bildirib.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən M.Macid burada qarşılaşdıqları qonaqpərvərliyə və səmimi münasibətə heyran qaldıqlarını bildirib. Sənədli film barədə məlumat verən qonaq filmdə Azərbaycanda tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunması, multikulturalist ənənələrə söykənən ictimai münasibətlər, xüsusilə Ramazan ayının yüksək səviyyədə keçirilməsi barədə məlumatların öz əksini tapacağını bildirib.

Pakistanlı qonaq çəkilişləri Bakıda və bölgələrdə baş tutacaq sənədli filmdə dünyada ilk dəfə olaraq məzhəbindən asılı olmayaraq bütün müsəlmanların bir araya gələrək, eyni vaxtda bir sırada namaz qılıb, dualar etdiyi vəhdət namazı ilə bağlı informasiyanın da geniş yer alacağını deyib.

Sonda qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2764266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR