Forumun yekunları ilə bağlı tədbir

İyunun 7-də "Fairmont" hotelində 4-6 may tarixlərində Bakıda reallaşan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarına həsr olunan mərasim keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə əvvəlcə "Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda keçirilən IV Forumun yekunlarını əks etdirən videoçarx nümayiş olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb "Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı prosesi" təşəbbüsü irəli sürülüb. Multikulturalizm və mədəniyyətlərarası dialoqun təbliği Azərbaycanda dövlət siyasətinin pioritetlərindən biridir. Bu baxımdan "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir".

Nazir diqqətə çatdırıb ki, Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı gələn il “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcək. Bu münasibətlə “Bakı prosesi” mükafatı təsis olunacaq və yüksək səviyyəli rəsmilərə təqdim ediləcək.

Qeyd olunub ki, Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Nüfuzlu beynəlxalq qurumlar - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO Foruma tərəfdaş olub.

IV Forum günlərində 40-dək konfrans, sessiya, panel və digər tədbirlər keçirilib. Beynəlxalq tədbirdə 120-dək ölkə rəsmisi, 38 beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edib. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılıb.

Nazir vurğulayıb ki, Forum çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı keçirilib. Həmçinin Azərbaycanın təklifi ilə hökumət rəhbərləri və nazirlərin təmsil olunduğu Dünya Forumu Nazirlər Görüşü baş tutub. Forumda ilk dəfə “Bakı prosesi”nə yeni element kimi ekstremizmə qarşı mübarizədə parlamentlərin mədəniyyətlərarası dialoqda roluna xüsusi yer verilib.

Əbülfəs Qarayev bildirib ki, Forumda həmçinin BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birgə “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda xüsusi plenar sessiya keçirilib. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Vurğulanıb ki, Forum BMT-nin televiziyasında və saytında canlı yayımlanıb. 25 milyonadək insan canlı olaraq Forumu izləyib.

Mərasimin sonunda Forumun təşkilinə verdiyi dəyərli töhfələrə görə bir sıra dövlət qurumlarına, Milli Məclisin deputatlarına, media qurumlarına təşəkkürnamələr təqdim olunub.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR