Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib (FOTO)

Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib (FOTO)
16:50 8 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 7-də Almaniya-Azərbaycan Forumunun (DAF) idarə heyətinin iclası və ardınca Forum üzvlərinin toplantısı keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Ramin Həsənov çıxış edərək DAF-ın fəaliyyətinə nəzər yetirib və həyata keçirilmiş işləri dəyərləndirib. Səfir Forumun fəaliyyətinin iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə olan münasibətlərin dərinləşməsinə verdiyi töhfəni vurğulayıb və bu fəaliyyətin Azərbaycan Respublikasının hökumətinin diqqət mərkəzində olduğunu bildirib.

R.Həsənov iclas iştirakçılarını Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən yeniliklərə və Azərbaycan-Almaniya münasibətlərinin cari vəziyyətinə dair məlumatlandırıb. Hazırda həyata keçirilən və həyata keçirilməsi planlaşdırılan layihələri qeyd edən səfir DAF-ın bu layihələrin Almaniyada təqdim olunması istiqamətində görə biləcəyi işləri sadalayıb və bütövlükdə Forumun gələcək fəaliyyətində dair Azərbaycan tərəfinin gözləntilərini vurğulayıb. R.Həsənov həmçinin idarə heyətinin üzvlərinin Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumuna dair suallarını cavablandırıb.

Daha sonra DAF-in idarə heyətinin sədri Hans-Eberhard Şlayer sözügedən təşkilatın ötən dövr ərzində fəaliyyəti və nəzərdə tutulmuş gələcək planları barədə hesabat verib. Sədr bildirib ki, rəhbərlik etdiyi Forum əvvəlki illərin uğurlu təcrübəni nəzərə alaraq bu il də alman iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərini təşkil etmək, mədəni tədbirlər keçirmək, ənənəvi olaraq keçirilən növbəti Xocalı simpoziumuna hazırlıq işləri aparmaq və səfirliklə əməkdaşlıq çərçivəsində digər tədbirlər görmək niyyətindədir.

İclas iştirakçıları Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrə, Almaniyada Azərbaycanla bağlı görülən işlərə, həyata keçirilən ikitərəfli layihələrə dair DAF-ın fəal ictimai fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar və təşkilatın xəbər bülletenlərinin bu istiqamətdə əhəmiyyətli alət olduğunu bildiriblər.

Təşkilatın xəzinədarı, Deutsche Bank AG şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Peter Tils DAF-ın ötən dövr üçün maliyyə hesabatını təqdim edib.

Daha sonra tədbir DAF üzvlərinin toplantısı ilə davam etdirilib. DAF üzvləri səsvermə yolu ilə Forumun sədrini və müavinlərini, yeni idarə heyətini, xəzinədarını, icraçı direktorunu seçiblər və 2017-ci il üçün büdcəsini təsdiqləyiblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2764387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR