Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib

Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib
19:47 8 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/  Almaniya-Azərbaycan Forumunun (DAF) İdarə Heyətinin iclası və ardınca forum üzvlərinin toplantısı keçirilib.
Bu barədə "Report"a Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
DAF-ın idarə heyətinin sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer İdarə Heyətinin iclasını açıq elan edərək iclasın gündəliyi barədə məlumat verib.
Səfir Ramin Həsənov DAF-ın fəaliyyətinə nəzər yetirib və həyata keçirilmiş işləri dəyərləndirib. Səfir forumun fəaliyyətinin iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə olan münasibətlərin dərinləşməsinə verdiyi töhfəni vurğulayıb və bu fəaliyyətin Azərbaycan hökumətinin diqqət mərkəzində olduğunu bildirib.
R.Həsənov iclas iştirakçılarını Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən yeniliklərə və Azərbaycan-Almaniya münasibətlərinin cari vəziyyətinə dair məlumatlandırıb. Hazırda həyata keçirilən və həyata keçirilməsi planlaşdırılan layihələri qeyd edən səfir DAF-ın bu layihələrin Almaniyada təqdim olunması istiqamətində görə biləcəyi işləri sadalayıb və bütövlükdə forumun gələcək fəaliyyətində dair Azərbaycan tərəfinin gözləntilərini vurğulayıb. O, həmçinin İdarə Heyətinin üzvlərinin Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumuna dair suallarını cavablandırıb.
Sonra DAF-in idarə heyətinin sədri Hans-Eberhard Şlayer sözügedən təşkilatın ötən dövr ərzində fəaliyyəti və nəzərdə tutulmuş gələcək planları barədə hesabat verib. Sədr bildirib ki, rəhbərlik etdiyi forum əvvəlki illərin uğurlu təcrübəni nəzərə alaraq bu il də alman iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərini təşkil etmək, mədəni tədbirlər keçirmək, ənənəvi olaraq keçirilən növbəti Xocalı simpoziumuna hazırlıq işləri aparmaq və səfirliklə əməkdaşlıq çərçivəsində digər tədbirlər görmək niyyətindədir.
İclas iştirakçıları Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrə, Almaniyada Azərbaycanla bağlı görülən işlərə, həyata keçirilən ikitərəfli layihələrə dair DAF-ın fəal ictimai fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar və təşkilatın xəbər bülletenlərinin bu istiqamətdə əhəmiyyətli alət olduğunu bildiriblər.
Təşkilatın xəzinədarı, Deutsche Bank AG şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru PeterTils DAF-ın ötən dövr üçün maliyyə hesabatını təqdim edib.
Daha sonra tədbir DAF üzvlərinin toplantısı ilə davam etdirilib. DAF üzvləri səsvermə yolu ilə forumun sədrini və müavinlərini, yeni İdarə Heyətini, xəzinədarını, icraçı direktorunu seçiblər və 2017-ci il üçün büdcəsini təsdiqləyiblər. Hans-Eberhard Şlayer yenidən forumun sədri, Helqa Daub sədrin birinci müavini, prof. RezaTalebi-Daryani sədrin müavini, Peter Tils forumun xəzinədarı, Pərviz Yəzdani forumun icraçı direktoru vəzifələrinə seçiliblər.
Toplantının sonunda səfir Ramin Həsənov forumun yeni seçilmiş rəhbərliyinə uğurlar arzulayıb, səfirliyin forumla sıx əməkdaşlıq edəcəyini və təşkilatın fəaliyyətinə dəstək göstərəcəyini bildirib.





Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/almaniya-azerbaycan-forumunun-toplantisi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR