Azərbaycan və Sloveniya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Sloveniya arasında siyasi məsləhətləşmələr keçirilib
10:42 9 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Sloveniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Sloveniya Respublikasında rəsmi səfərdə olub.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər əsnasında X.Xələfov Sloveniya Respublikasının dövlət katibi, xarici işlər nazirinin müavini xanım Darya Bavdaj Kuretlə görüşüb. Görüşdə Sloveniya Xarici İşlər Nazirliyinin Siyasi Direktoru Matey Marn və digər rəsmi şəxslər də iştirak edib.
Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan və Sloveniya arasındakı ikitərəfli əlaqələr müzakirə edilib, iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, energetika, yüksək texnologiyalar, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşdə X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə ətraflı məlumat verib və münaqişənin danışıqlar yolu ilə həlli üçün işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin tezliklə çıxarılmasının zəruriliyini vurğulayıb.
X.Xələfov bildirib ki, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının alternativi yoxdur. Regionda mövcud münaqişələrin həll olunmasının ümumavropa təhlükəsizlik arxitekturasının vacib faktoru olduğu qeyd edilib.
D.Bavdaj Kuret Azərbaycan və Sloveniya arasındakı münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib və münasibətlərin daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensiala malik olduğunu vurğulayıb. O, Sloveniya və Azərbaycan arasında enerji sahəsi ilə bərabər işgüzar dairələr və insanlararası əlaqələrin intensivləşdirilməsinin vacib olduğunu ifadə edib. D.Bavdaj Azərbaycanda mövcud olan təhlükəsizlik və sabitlik mühitini təqdir edərək Avropa İttifaqının bunda maraqlı olduğunu qeyd edib.
Görüşdə, habelə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər müzakirə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-sloveniya-arasinda-siyasi-meslehetlesmeler-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR