Natiq Əliyev kimdir?

Natiq Əliyev 2013-cü ildən bu günə kimi Azərbaycan Respublikasının energetika naziri olub.

Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olub. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisasısını bitirib. 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildə geologiya-mineralogiya elmləri namizədi olub.

1979-cu ildə "Xəzər dəniz neft qaz sənaye" Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləyib. 1993-cü ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar Şurasının sədri, 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilib.

2005-2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Energetika naziri vəzifəsinə təyin olunub.

Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası "Şöhrət" ordeni, Azərbaycan Respublikasının "Əməkdar mühəndisi" fəxri adı, Gürcüstanın "Şərəf" ordeni, Fransanın "Milli Fəxri Legion" ordeni, Polşanın "Böyük Komandor Xaçı" Ordeni, Beynəlxalq Akademiyaların orden və medalları ilə təltif olunub.

Nazir bu gün (9 iyun 2017-ci ildə) dünyasını dəyişib.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib. İstanbulun “Florence Nightingale” klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR