Ən çox istifadə olunan dövlət qurumları

Dövlət orqanları və vətəndaşlar arasında informasiya və sənəd əldə etmə prosesini reallaşdıran “Elektron hökumət” portalına maraq hər ötən gün artmaqdadır. Portala müraciət edən istifadəçi sayının artması buna sübutdur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan Metbuat.az-a verilən məlumata görə, portalın təqdim etdiyi xidmətlərin çeşidi ilə yanaşı, istifadə dinamikası da nəzərəçarpacaq dərəcədə müsbətə doğru dəyişir.

“Elektron hökumət” portalının operatoru Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin Məlumat Hesablama Mərkəzi cari ilin ilk beş ayında elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar və ən çox müraciət olunan xidmətlərin statistikasını təqdim edir.

“Elektron hökumət” portalında cari ildə xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumu:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Dövlət İmtahan Mərkəzi
Dövlət Gömrük Komitəsi
“Azərsu" ASC
Daxili İşlər Nazirliyi
Əmlak Məsələləri Dövlət Komitəsi
Ədliyyə Nazirliyi
Mərkəzi Seçki Komissiyası
Vergilər Nazirliyi

Bu müddət ərzində istifadə sayına görə liderlik edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə ümumilikdə 4.577.529 dəfə müraciət olunub. Qurumun təqdim etdiyi elektron xidmətlərdən cari ildə müraciət sayı 1.388.673-ə çatan “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir ki, adı çəkilən xidmət 20 dövlət qurumu və 3 mobil operatorun informasiya resurslarına çıxışının təmin etməklə vətəndaşların işini asanlaşdırır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətlərinə müraciət sayı 3.088.725-dir. Nazirliyin ən çox istifadə olunan xidməti isə “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir ki, cari ilin bu gününədək xidmətə müraciət sayı 1.692 360-a çatıb.

Xidmətlərinin istifadə sayına görə ilk beşlikdə olan Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi elektron xidmətlərə müraciət sayı 1.005.477-dir. Ən çox “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu” xidmətinə müraciət qeydə alınıb ki, bu göstərici 384.492 dəfə olub.

Bununla yanaşı Dövlət Gömrük Komitəsinə 332.638; "Azərsu" ASC 59.596; Daxili İşlər Nazirliyinə 39.615; Əmlak Məsələləri Dövlət Komitəsinə 33.644; Ədliyyə Nazirliyinə 20.190; Mərkəzi Seçki Komissiyası 16.822; Vergilər Nazirliyinə 14.470; dəfə müraciət qeydə alınıb.

Qeyd edək ki, "Elektron hökumət" portalı tərəfindən təqdim olunan elektron xidmətlər bu gün həm vətəndaşların, həm də qurumların işini sadələşdirir və sərf olunan vəsaitə və işçi qüvvəsinə qənaət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR