BMT nin Baş qərargahındakı "Millətlər sarayı"nda “Əli və Nino” filminin təqdimatı keçirilib

BMT nin Baş qərargahındakı "Millətlər sarayı"nda “Əli və Nino” filminin təqdimatı keçirilib
16:12 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin, BMT-nin Cenevrə ofisinin təşkilatçılığı və "SOCAR Trading" şirkətinin dəstəyi ilə BMT nin Cenevrədəki Baş qərargahındakı "Millətlər sarayı"nda “Əli və Nino” filminin təqdimatı keçirilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilöən məlumata görə, bədii filmin təqdimat mərasimində çıxış edən BMT-nin Cenevrə bölməsinin kitabxana rəhbəri Fırançesko Pisano yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” filminin Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs etdiyini, dünyanın bir çox yerində izlənilən “Əli və Nino”nun musiqisini və kinematoqrafik keyfiyyətini yüksək dəyərləndirdiyini deyib. O, yayımlanmış materiallarda filmin musiqisinin nostalji, eyni zamanda romantik, kədərli, bununla yanaşı ümidverici olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov əslən azərbaycanlı olan və Azərbaycan Demokratik Respublikasının bolşevik işğalından sonra Avropaya mühacir edən yazıçı Qurban Səidin 1937-ci ildə Avstriyada alman dilində çap olunan və 30-dan artıq xarici dilə tərcümə edilən eyniadlı əsərinin mövzusu üzrə çəkilən bu filmin o dövrün reallıqlarını, o cümlədən Cənubi Qafqaz xalqlarının mədəniyyəti, adət-ənənələri və milli xüsusiyyətlərini əks etdirmək baxımından çox əhəmiyyətli olduğunu vurğuladı. Vaqif Sadıxov filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodüserliyi, Oskar mükafatı laureatı Asif Kapadianın rejissorluğu ilə çəkildiyini qeyd edib, ekran əsərinin ADR-in yaranmasından süqutunadək baş verən əsas hadisələri də obyektiv şəkildə işıqlandırdığını bildirdi. Səfir qeyd etdi ki, filmdə Birinci dünya müharibəsi fonunda Cənubi Qafqazda multikultural cəmiyyətdə gedən proseslər, Şərq və Qərb arasında kəsişmə nöqtəsi olan Bakının portreti, eləcə də 1918-1920-ci ildə Azərbaycanda baş vermiş real hadisələr öz bədii təsvirini tapıb. Səfir həmçinin bildirdi ki, bu filmin qayəsi BMT-nin dəyərləri ilə üst-üstə düşür. Dinlər və mədəniyyətlər, Şərq və Qərb, müdriklik və gənclik, sevgi və nifrət, kişi və qadın arasında müxtəlif müqayisələr əsasında həqiqət və barış axtarışı bu ekran əsərinin əsas mövzularıdır.
Çıxış edən digər natiqlər - Gürcüstanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəliyinin rəhbəri Şalva Tısıskaraşvili, "SOCAR Trading" şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildiriblər ki, Qurban Səidin eyniadlı romanı əsasında çəkilmiş film azərbaycanlı gənc Əli ilə gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs etməklə bərabər, XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələri dolğun və obyektiv şəkildə təsvir edir. Qeyd edilib ki, dövrümüzün və günümüzün ən aktual məsələsi olan multikulturalizm, tolerantlıq mövzusuna dair cəmiyyətə və insanlara vacib mesajlarla dolu “Əli və Nino” bədii filmi tamaşaçıların rəğbətini qazanacaq.
Sonra qonaqlar filmi seyr ediblər. Filmi izləyən tamaşaçılar ekran əsəri haqqında yüksək təəssüratlarını bildiriblər.




Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/bmt-nin-cenevredeki-bas-qerergahindaki-milletler-sarayi-nda-eli-ve-nino-filminin-teqdimati-kecir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR