İşçilərlə əmək müqaviləsi bağlamayan şirkət cəzalandırıldı

İşçilərlə əmək müqaviləsi bağlamayan şirkət cəzalandırıldı
16:32 9 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək müqaviləsi bağlamadan xeyli sayda vətəndaşın işə cəlb edilməsi halları aşkar edilib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Milli.Az-a verilən məlumata görə, nazirlik tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən xeyli sayda vətəndaşın işlərə cəlb edilməsi faktlarını aşkarlayıb.

İyun ayının 5-də fiziki şəxs Nəbiyev Toğrul Fuad oğlunun rəhbərlik etdiyi kompozit taxta sexində və "Vegaplast" MMC-yə məxsus istehsal sexində əmək münasibətləri sahəsində vergi nəzarəti tədbirləri keçirilib.

Nəzarət tədbirləri zamanı Toğrul Nəbiyevə məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, 2-ci Mədən, ev 2 ünvanda yerləşən və "Tekoplast" əmtəə nişanı adı altında kompozit taxtalar, pvc lambirinlər, plintuslar, asma tavanlar istehsal edilən sexdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 19 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib.

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, 2-ci Mədən, ev 2 ünvanda yerləşən, "Vegaplast" MMC-yə məxsus su boruları, dam örtükləri, izolyasiya panelləri istehsal edilən sexdə isə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 42 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib.

Qeyd edək ki, əmək müqavilələri olmadan işçilərin geniş miqyasda işə cəlb edilməsi halları bundan əvvəl keçirilən nəzarət tədbirləri zamanı da aşkarlanıb. Məsələn, əvvəlki nəzarət tədbirləri zamanı hüquqi şəxs "Donqfanq Internation" MMC-yə məxsus, Abşeron rayonu, Maştağa qəsəbəsi, subtropik bağlar sovxozu ərazisində yerləşən və lambir istehsal edilən sexdə də oxşar hallar aşkarlanmışdı. Tədbir zamanı müəssisənin Çin əsilli rəhbərliyi yerli işçiləri anbarda gizlətməyə çalışsa da, buna müəssər olmamış, nəzarət tədbiri zamanı anbarda gizlənmiş, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 33 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilmişdi.

İşçilərdən alınmış izahatlardan aydın olub ki, həmin işçilərin bu sahədə bir neçə ay ərzində çalışdıqlarına baxmayaraq, onların heç biri ilə əmək müqaviləsinin (kontraktının) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb.

Faktla bağlı materiallara Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində baxılacaqdır.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR