Astanada 67-ci “EXPO-2017” beynəlxalq sərgisinin təntənəli açılış mərasimi başlayıb

Astanada 67-ci “EXPO-2017” beynəlxalq sərgisinin təntənəli açılış mərasimi başlayıb
19:47 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Astana. 9 iyun. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada 67-ci “EXPO-2017” beynəlxalq sərgisinin təntənəli açılış mərasimi başlayıb.
“Report”un Astanaya ezam edilmiş müxbirinin verdiyi məlumata görə, “EXPO-2017” əsas mövzusu “Gələcəyin enerjisi”dir.
Sərginin açılışını Qazaxıstan prezidenti Nursultan Nazarbayev xarici ölkələrin dövlət başçılarını qəbul etməklə reallaşdırıb. Mərasimdə Rusiya, Çin, İspaniya, Belarus, Monqolustan, Özbəkistan, Serbiya, Tacikistan, Türkmənistan, Çexiya, İran, Hindistan, Lüksemburq, Sinqapur, Qırğızıstan daxil olmaqla, ümumilikdə 17 dövlət və hökumət başçıları iştirak edirlər.
Əvvəlcə qonaqlar Qazaxıstanın “Nur Ələm” pavilyonunu ziyarət ediblər. Bu pavilyon sərginin mərkəzi obyekti hesab edilir. O, diametri 80 metr təşkil edən dünyada yeganə belə tikilidir. Bina Qazaxıstanla tanışlıq zonası və enerjinin əsas növləri təşkil edilmiş “Gələcəyin enerji muzeyi” pavilyonundan ibarətdir.
Qeyd edək ki, Astanadakı “EXPO-2017” sərgisi sentyabrın 9-dək davam edəcək. Ümumilikdə sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat iştirak edir. Sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə mövcud olan ixtiralar, ən son yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş olunacaq.
Sərgi çərçivəsində Astanaya hər gün 20 min turistin gələcəyi gözlənilir. Ümumilikdə 2 mln. qonaq və 5 mln. ziyarətçinin sərgiyə baş çəkəcəyi planlaşdırılıb.
Sərginin rəsmi açılış mərasimindən sonra konsert proqramı və lazer şou təşkil ediləcək. Açılış mərasiminin atəşfəşanlıqla yekunlaşması nəzərdə tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/astanada-67-ci-expo-2017-beynelxalq-sergisinin-tenteneli-acilis-merasimi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR