Heyrətamız gözəllikdə çiçəkləri olan otaq bitkisi

Heyrətamız gözəllikdə çiçəkləri olan otaq bitkisi
21:17 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Qədim zamanlarda evləri canlı bitkilərlə bəzəyəndə ehtimal ki, ilk vaxtlar dərman bitkilərindən istifadə olunub və getdikcə onların yerini dekorativ bitkilər tutub. Sonra otaq və oranjereyalarda tropik meşələr və səhralardan gətirilən bitkilər əkilib. Qloksiniya XIX əsrin birinci yarısında okeanın o tayından Avropaya gətirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, heyrətamız gözəllikdə çiçəkləri olan otaq bitkisinin əsl adı "Sinningia hybrida"dır, onu ABŞ-dakı Boston universitetinin baş bağbanı Vilhelm Sinninqin şərəfinə adlandırıblar. Tropik çiçəyi çox sevən Sinninq uzun illər onun seleksiyası və hibridləşməsi ilə məşğul olub və nəticədə qulluğa tələbkar olmayan və yaraşıqlı görkəmə malik dekorativ dibçək gülü yetişdirib. Qloksiniya adı isə bitkiyə çiçəklərinin formasına görə verilib. "Qlocke" almanca zəng deməkdir, valehedici gözəlliyə malik qrammofon-çiçəklərin rəngi bəyazdan qarayaçalan tünd zoğalıyadək, mavidən bənövşəyiyədək dəyişir.

Qloksiniyanın çiçəkləri sadə və məxməri zəng formasındadır, uzun çiçək zoğunun ucunda yerləşir, enli formada olan yarpaqlarının səthi məxməridir. Bitki apreldən sentyabra qədər çiçəkləyir və bundan sonra sakitlik dövrü başlayır. Qışda yarpaqları və zoğları tökülür, bitki soyuq mövsümü kökyumru şəklində keçirir.

Qloksiniya kökyumruların bölünməsi və ya yarpaq-qələmlərlə çoxaldılır. Ən asan başa gələni yarpaqla çoxaltmadır. Yaxşı qulluq ediləndə bitkinin kökyumrusu on ilə qədər yaşayır və böyüdükcə üzərində əmələ gələn çiçəklərin sayı artır. Qloksiniyanın çiçəkləmə dövrünü uzatmaq üçün qurumuş çiçəkləri vaxtlı-vaxtında qopartmaq lazımdır. Düzgün qulluq ediləndə qloksiniyanın daha uzun müddət çiçəkləməsinə nail olmaq mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/552711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR