Azərbaycan rəssamlarının əsərləri Parisdə beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycan rəssamlarının əsərləri Parisdə beynəlxalq sərgidə nümayiş olunur
10:17 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

Paris. 10 iyun. REPORT.AZ/ Fransanın Paris şəhərində, Luvr muzeyinin Karusel salonunda XX “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi keçirilir. 
"Report"un Fransa bürosunun verdiyi məlumata görə, tədbirdə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Məryəm Ələkbərli və Leyla Əliyevanın rəsm əsərləri də nümayiş etdirilir. 
Sərginin açılışı münasibətilə təşkil edilmiş vernisajda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov, Paris Azərbaycan Evinin sədri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva də iştirak edirlər. 
Sərgidə rəsm əsərləri ilə yanaşı, "DABZ" ın 2017-ci il kolleksiyasından olan əl işləri də nümayiş olunur.
Toğrul Nərimanbəyov Assosiasiyasının prezidenti Əsmər Nərimanbəyova "Report"un yerli bürosuna bildirib ki, sərgidə tamamilə yeni üslubda yaratdığı miniatür tabloları ilə iştirak edir: "Bu tabloları Azərbaycanın ədəbiyyatının klassikləri Nizami Gəncəvinin şeirlərindən, İmadəddin Nəsiminin fəlsəfi fikirlərindən ilham alaraq, zəngin qədim adət-ənələrimizdən ruhlanaraq, doğma vətənimizə güvənərək ərsə gətirmişəm".
Azərbaycan Rəssamlar İttifaqının üzvü Leyla Əliyeva "Report"un yerli bürosuna sərgidə nümayiş etdirdiyi tabloları Azərbaycan nəğmələrini rənglər dünyasına çevirərək yaratdığını söyləyib.
“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisinin direktoru, eyni zamanda yaracısı Miryam Annonay Kastanet "Report"un yerli bürosuna açıqlamasında qeyd edib ki, sərgidə 5 il bundan əvvəl yalnız Məryəm Ələkbərlinin əsərləri nümayiş olunurdu: "Ancaq son illər daha bir neçə azərbaycanlı rəssamın əsərləri əfsanəvi muzeyin qalereyasında sənətsevərlərin gözünü oxşayır. Azərbaycan rəssamlarının əsərləri demək olar fransalıların qəlbini fəth edə bilib".
Qeyd edək ki, XX “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi iyunun 11-dək davam edəcək.

Vusalə İsmət qızı


Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/azerbaycan-ressamlarinin-eserleri-parisde-beynelxalq-sergide-numayis-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR