IX respublika müsabiqəsi qalibləri mükafatlandırıldı

Respublikada uşaq yaradıcılığının dəstəklənməsi, uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin fəaliyyətinin aktivləşdirilməsi istiqamətində reallaşan daha bir layihə başa çatıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin aprel ayında keçirilmiş Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti 15 may tarixində Azərbaycan Dövlət Musiqili Teatrında baş tutub. 150 uşaq xor kollektivinin qatıldığı müsabiqə qaliblərinin təltif olunma mərasimi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva xor kollektivləri və xormeysterləri təbrik edərək onlara daha böyük nailiyyətlər arzulayıb. Nazir müavini vurğulayıb ki, Azərbaycan Respublikasının rəhbərliyi istedadlı gənclərə, uşaq yaradıcılığının inkişafına xüsusi diqqət və qayğı göstərir. Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə onlarla istedadlı uşaq və gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” yazılmış, onlar xüsusi təqaüdə layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyi istedadlı uşaqların üzə çıxarılması, onların dəstəklənməsi istiqamətində sistemli iş aparır, mütəmadi festival və müsabiqələr keçirir. Bu müsabiqələrdən biri də artıq ənənə şəklini almış və 9-cu dəfə keçirilən Uşaq xor kollektivlərinin respublika müsabiqəsidir. Sevda Məmmədəliyeva bu müsabiqədə iştirak edən kollektivlərin ifaçılıq səviyyəsinin ildən-ilə inkişaf etdiyini, repertuarının zənginləşdiyini və səhnə mədəniyyətinin artdığını, xormeysterlərin işinin də getdikcə daha maraqlı olduğunu və peşəkarlıq səviyyəsinin yüksəldiyini qeyd edib.

Tədbirin sonunda müsabiqənin qaliblərinə - Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor kollektivinə (Qran-Pri), Bakı şəhər S.Ələsgərov adına 1 nömrəli, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət, Bakı şəhər C.Hacıyev adına 3 nömrəli, 4 nömrəli, T.Quliyev adına 12 nömrəli, Ş.Ələkbərova adına 20 nömrəli, 30 nömrəli, Quba şəhər və Göygöl şəhər Aşıq Şəmşir adına uşaq musiqi məktəblərinin xor kollektivlərinə müsabiqənin müxtəlif dərəcəli diplomları təqdim olunub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR