Yazarlar ən son hansı kitabı oxuyub?

Şairə-yazıçı Aysel Əlizadə:

"Kəramət Böyükçölün " Pozğun"unu, Elnaz Eyvazın " Kişi etirafı" nı, İkinci Mahmudun " Bataqlıq donuzu" " Tualet kağızı" nı oxudum. İndi " Fironun dəftərini" işlər çıxdığı üçün yarımçıq qoymağa məcbur oldum. Planda Ayxan Ayvazın "Buri" -si, Həmid Herisçinin " Hekayələr" idi".

Şairə-yazıçı Rəbiqə Nazimqızı:

"Söhbət nəsrdən gedirsə, Ayxan Ayvazın "Buri"sindən Kəramət Böyükçölün "Pozğun"unu oxmuşam. Çox rahat oxunan, kiçik əsərdir, təsəvvür edin ki, Bakıdan Qazağa gedib qayıdana kimi oxudum. Bir-iki naturalist detalı çıxmaq şərtilə bəyəndim, ideya, dil, üslub, keçidlər xoşuma gəldi. Şeir kitablarına gəlincə, sonuncu Aqşin Evrən olub".

Şair Aqşin Evrən:

"Hazırda Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanını oxuyuram. Son oxuyub bitirdiyim kitab isə Mövlud Mövludun "Çətirsiz" kitabıdır. Əvvəl deyirdim ki, Mövlud çox istedadlı, həssas yazıçı idi. İndi isə deyirəm ki, Mövlud böyük yazıçı olacaqdı. Mövludun hekayələrini, yazılarını tapıb oxumaq lazımdır. Mövlud özü bundan sonra yeni bir şey yaza bilməsə də, o hekayələri yeni-yeni əsərlər yazacaq. Mövludun hekayələrindən yeni roman gözləyirəm".

Yazıçı Ayxan Ayvaz:

"Ən son Hikmət Orhunun "Qadın qolları dövrü" kitabını oxudum. Gözəl şeirlərin tilsiminə düşmüşəm. Açığı, Hikmətdən belə şeirlər gözləmirdim. Yaxşı mənada məni təəccübləndirdi".

Şair Oğuz Ayvaz:

"Ən son oxuduğum kitab Tolstoyun "İvan İliçin ölümü" əsəridir. Əsərin qəhrəmanı İvan İliç ömrünü kariyera, malk-mülk, vəzifə uğruna fəda edib. Bir gün xəstələnir. Əzablar keçirir və anlayır ki, yaşadığı həyat bir heç imiş. Tolstoyun bu əsəri bəşəridir. Sarsıdıcıdır. İnsan həmişə həyat, ölüm haqqında düşünməlidir. Özümə sual verdim ki, mən yaşayırammı? Yaşamaq əslində nədi? Mənim üçün yaşamaq həyatı olduğu kim qəbul etməkdir. Bir ağac yarpağı, çərpələng, futbol topu, yağış, göyqurşağı, uşaqlar bunlar məni mutlu edən nüanslardı.

Şair Hikmət Orhun: "Son bir həftədə təkrar oxuduğum iki kitabın adını çəkmək istəyirəm: Ayxan Ayvazın "Buri"si, Mövlud Mövludun "Çətirsiz"i. Oxmayanlar oxusun, oxuyanlar qayıdıb bir də oxusun."

Dilarə Zamanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR