Terim Arda haqda: "Bu davadan heç kim xeyir görməyəcək"

Terim Arda haqda: "Bu davadan heç kim xeyir görməyəcək"
14:32 12 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Arda Avropa çempionatından əvvəl Burakı müdafiə edərkən səsini bir az yüksəltmişdi. Mən də ondan səsinin tonunu aşağı salmağı istəmişdim. Mükafatları mən müəyyənləşdirmirəm. Bunlar oyun sayına görə müəyyən olunur.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kosovonun qonağı olan "ay-ulduzlular" 4:1 hesablı qələbə qazanıblar. Matçdan sonra mətbuat konfransı keçirən Terim maraqlı fikirlər səsləndirib.
 
"İmperator" ləqəbli çalışdırıcı milli karyerasını bitirən Arda Turanın jurnalist Bilal Meşe ilə insidentinə toxunub: "Bizim də səhvimiz olur. "Hər şeyi düz etdim" demirəm. Mənim də kimlərinsə yanlış başa düşəcəyi hərəkətlərim ola bilər. Övladımız hesab etdiyimiz idmançıların həyatı boyu yüksək yerlərdə olmasından başqa heç nə düşünə bilmərik. Məsələ Bilal Meşe və ya jurnalistlərin təyyarəyə alınması məsələsi deyildi. Onları təyyarəyə mən mindirtmişdim. Çünki jurnalistlərin 1070 km məsafəni avtomobillə qət edəcəklərini bildirdilər. Uzun yol olduğunu nəzərə alıb, "bizimlə gələ bilərlər" dedim. Belə bir addım atdığımız ilk dəfə deyil. Bir şey haqda qərar verərkən, oyunçuların fikrini soruşmuruq. Dünya heç kimin ətrafında dönmür. Hər kəs ciddi və intizamlı olmaq məcburiyyətindədi. Əlimizdən gəldiyi qədər hamıya eyni münasibət göstərməyə çalışırıq.

Ardanın son hərəkətinin qarşılığı millidən ayrılmaq idi. Bu, "qırmızı vərəqəlik" davranış idi. "Qırmızı vərəqə alandan sonra meydanda qala bilmərsən, amma qarşıdakı günləri qurtara bilərik" dedim. Onu Bilal Meşe ilə sonradan bir araya gətirib, barışdırmaq fikrimiz var idi. Komanda yoldaşları Ardaya dəstək olmaq üçün məndən icazə istədilər, mən də razılıq verdim. Mətbuat konfransı keçirməsini biz istədik. Amma qərarı belə oldu. Kaş olmayaydı... Məsələni komanda daxilində çözə bilərdik".
 
Terim Avropa çempionatından sonra bir neçə futbolçunu heyətdən kənarlaşdırmasının səbəbinin təkcə mükafat məsələsi olmadığını bildirib: "Ürəyimdən gəlməyəni etmirəm. Amma bəzən oyunçularıma da haqq verirəm. Milli hamının komandasıdı. İnsan sevdiyi şəxslərdən gözləmədiyi hərəkətlər gördükdə qəlbi qırılır. Mən də bunu demək istəyirdim. Bəzi futbolçular klublarında oynamadılar, bəziləri artıq çəkidən əziyyət çəkdilər, bəzilərinin isə müxtəlif problemləri oldu. Buna baxmayaraq, onları yığmaya çağırdım. Futbolçular haqda yanlış düşünə bilərəmmi? Mən də insanam. Heyətə çağıranda da tənqid olundum, çağırmayanda da. Kimin kimlərə vəkillik etdiyinə, səhvləri ört-basdır etdiyinə baxmaq lazımdı. Futbolçular çox önəmlidi. Buna etirazım yoxdu. Ancaq bir yerdə intizam və yerini bilmək daha vacibdi. Ayaq izlərini o qədər dəqiq görürük ki, bəzilərini izah etməkdə çətinlik çəkirik. Bu davadan heç kim xeyir görməyəcək. Onsuz da, bəziləri bunu istəyirdilər. Dünyanın ən böyük oyunçusu ola bilərsən. Amma unutma ki, futbolçusan, buna görə davranacaqsan. Biz də başqa bir şey gözləmirik. Mən yanlış yönləndirildiklərini düşünürəm. Bunu futbolçulara izah etdim, yol da göstərdim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR