Mənzillərin kommunal ödənişləri artır

“Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyəti heç bir iqtisadi səbəb olmadan “kommunal pulu” adlandırdıqları aylıq ödənişlərin məbləğini son günlər daha da artırıblar”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu, bir sıra yeni inşa edilmiş yaşayış binalarında sakinlər ilə MTK sahibləri arasında narazılığa səbəb olub:

“Hətta bəzi MTK sahibləri hər evin kvadrat metri üçün aylıq 1 manat 50 qəpik ödəniş təyin ediblər. Bu o deməkdir ki, 130 kvadrat metrlik 3 otaqlı mənzil sahibi ayda 200 manata yaxın pul ödəməlidir. Əsalandırılması mümkün olmayan ödəniş məbləğidir.

Əvvəlla, MTK-lar bu məbləğdə ödəniş tələb edə bilərlərmi? Qanunvericilik nə deyir? MTK sahibləri qeyri-dəqiq rəqəmlərə söykənib, aylıq ödəniş tələb edə bilməzlər. Ümumiyyətlə, MTK sahibləri ayrıca, sakinlərin və ya onların təmsilçilərinin razılığı olmadan sərbəst şəkildə aylıq ödəniş məbləğini müəyyənləşdirmək hüququna malik deyillər. Mənzil Məcəlləsinin 109.5-ci maddəsində qeyd edilir ki, “Kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir”. Elə həmin məcəlləyə əsasən, “Yeni binalarda daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir”. Bu isə o deməkdir ki, bina istifadəyə verildikdən 6 ay sonra idarəetmədə həmin tikilidəki mənzil sahibləri də iştirak etməlidirlər. Təəssüf ki, bu qaydalar təhvil alınmış, yəni dövlət qeydiyyatı olan binalara aid edildiyindən, “kupçasız" binalar bu şərtləri əksər hallarda pozurlar.

Şişirdilmiş aylıq ödənişlər

MTK sahibləri bina sakinlərinin razılaşmadığı aylıq ödəniş məbləği təyin edə bilməzlər. Amma problem ondadır ki, indiyədək cəmi 43 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti qeydiyyatdan keçib. Deməli, böyük əksəriyyət binalarda belə cəmiyyətlər fəaliyyət göstərmir. Və deməli, əksər MTK sahibləri özləri şişirdilmiş aylıq ödənişlər müəyyənləşdirirlər”.

Problemi necə həll etmək mümkündür?

İqtisadçının sözlərinə görə, bu cür cəmiyyətləri formalaşdırmaq üçün kommunal xidmətlər ilə təmin edilmiş, tam yaşayışlı binalar gərək sadə şərtlər ilə dövlət qeydiyyatına alınıb, “kupça” ilə təmin olunsunlar:

“Bununla belə, qanunvericilik ilə kommunal xidmətlər ilə təmin edilmiş, amma hələlik dövlət qeydiyyatına alınmayan binalar üçün də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması məcburi hala gətirilə bilər. Digər tərəfdən, əksər MTK sahiblərinin yüksək aylıq ödənişlər müəyyənləşdirildiyini nəzərə alsaq, o zaman Nazirlər Kabineti tərəfindən maksimum aylıq ödənişlərinin tətbiq edilməsi məqsədə uyğun olardı. Bu zaman, MTK sahibləri istədikləri rəqəmi aylıq ödəniş kimi elan edə biməyəcəklər. Bütün hallarda aylıq ödənişlərin əhalinin ödəmə qabiliyyətinə uyğunlaşdırılmasına ehtiyac var. Deməli, aylıq haqqların müəyyənləşdirilməsin nəzarətin gücləndirilməsi oldquca vacibdir. Hüquqi baza və nəzarəti gücləndirməklə bir sıra MTK sahiblərinin müəyyənləşdirdiyi şişirdilmiş aylıq ödəniş problemini həll etmək mümkündür”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR