Azərbaycan və Qara Dəniz Ticarət və İnkişaf Bankı əməkdaşlığı genişləndirir

Azərbaycan və Qara Dəniz Ticarət və İnkişaf Bankı əməkdaşlığı genişləndirir
17:42 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, real sektorla birbaşa əməkdaşlığa üstünlük verən bankın bu sahənin inkişafı məqsədiylə müxtəlif layihələrə, o cümlədən ticarəti maliyyəşdirmək üçün verdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.
S.Şərifov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaq üçün bankın öz töhfəsini verməkdə davam edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində İhsan Uğur Delikanlı etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində QDTİB-nın bundan sonra da hökumət ilə uğurlu əməkdaşlığı davam etdirəcəyini bildirib.
QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Hazırda Bankın nizamnamə kapitalı 3,45 mlrd., səhm kapitalı isə 2,29 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5% paya malikdir. Bank Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 359 milyon avro məbləğində kredit ayırıb ki, bu da Bankın əməliyyatlar portfelində 8,4% təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-ve-qara-deniz-ticaret-ve-i-nkisaf-banki-emekdasligi-genislendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR