"Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeləri güclənir"

"Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeləri güclənir"
08:05 13 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

"Son zamanlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gedən proseslərdə Azərbaycanın mövqeyi güclənib".

Bunu Milli.Az-a açıqlamasında professor, politoloq Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, Azərbaycanın əlində bu problemin həli üçün lazım olan hüquqi və diplomatik baza var: "Mən bu günlərdə Bakıda Qərb Universitetinin təşkilatçılığı ilə "Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri" mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransında çıxış etdim. Mənim məruzəm "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi: Geosiyasət və hüquq prizmasından" mövzusunda idi.

Söhbət məsələyə konkret geosiyasi və hüquqi prizmadan baxışdan gedir. Bu baxımdan Azərbaycan və Gürcüstanın problemləri oxşar olsa da, vəziyyət fərqlidir. Mən bunu konfransda iştirak edən gürcü mütəxəssislərə də dedim ki, gürcülərin hüquqi aspektdən dəlilləri çox zəifdir. Məsələn, beynəlxalq strukturların qərarlarında Abxaziya və Cənubi Osetiya məsələləri öz təsdiqini tapmayıb. Bizdə isə Dağlıq Qarabağın ətrafındakı 7 rayonun işğaldan azad olunmasına dair BMT-nin 4 qətnaməsi, Avropa Şurasının sənədləri var, üstəlik ərazi bütövlüyümüz dövlətlər tərəfindən tanınır. Əlbəttə, bu bizim üçün diplomatik uğurdur. Bunlar bizim üçün Gürcüstandan fərqli məqamlardır. Digər tərəfdən, geosiyasi baxımdam bir sıra aparıcı dövlətlər Cənubi Qafqazın və Azərbaycanın əhəmiyyətini anlayaraq və bu maraqları yüksək qiymətləndirərək bizimlə münasibətlərin inkişafında maraqlıdırlar".

Politoloq qeyd edib ki, artıq 30 ilə yaxındır davam edən Dağlıq Qarabağ problemi ilə bağlı proseslərin inkişafını 3 mərhələyə bölmək olar: "Birincə mərhələdə, yəni Dağlıq Qarabağ problemi gündəmə gələndə ermənilərin əsas şüarı "miatsum" idi. "Miatsum" ermənicə birləşmə deməkdir. Onlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini istəyirdilər. Amma bu onlarda alınmadı.

İkinci mərhələdə ermənilər dedilər, yox, Ermənistanla birləşmirik, istəyirik müstəqil dövlət olaq. Ermənistan və Dağlıq Qarabağın separatçı rejimi bir neçə il buna nail olmağa çalışdı. Amma bu da alınmadı. Heç bir dövlət və ya beynəlxalq təşkilat onları tanımadı və heç tanımaq fikrində də deyil. Artıq 25 ildir keçib. Separatçılar çox istədilər ki, heç olmasa Ermənistan onları tanısın. Amma heç Ermənistan da onları tanımadı, halbuki, bunu çox etmək istəyirdi. Lakin Rusiya buna qarşı çıxdı. Dedilər ki, əgər Dağlıq Qarabağı tanısan, Minsk prosesi, bütün danışılar məhv olacaq, heç nə alınmayacaq və bu, Ermənistanın özünün maraqlarına bir zərbə olacaq. Azərbaycan isə onun prezidenti başda olmaqla dəfələrlə bəyan edib ki, danışıqların, məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda lazım olsa, güc vasitəsi ilə də torpaqlarımızı azad etməyə hazırıq. Bir neçə il bundan əvvəl bu sadəcə şüar kimi səslənirdisə, 2016-cı ilin aprel hadisələrindən sonra Azərbaycan həm Ermənistana, həm də Dağlıq Qarabağ rejiminə, həm onları dəstəkləyənlərə, həm də dünya birliyinə öz iradəsini, gücünü və torpaqları azad etmək istəyini hərb yolu ilə də nümayiş etdirdi. Cəmi 4 günə 2 min hektar torpaq azad edilib, artıq əhali ora qayıtmağa başlayıb. Ola bilər ki, bu, kiçik bir epizoddur, amma onun arxasında konkret siyasi addımlar dayanır".

F.Sadıxovun qənaətincə, mövcud mərhələdə isə Azərbaycanın mövqeələri daha üstündür: "Son zamanlar bizim mövqelərimiz güclənib, onlar daha sərt, diplomatik addımlarımız daha çox hücum xarakterli olub. Biz sadəcə istəyirik ki, torpaqlarımız işğaldan azad edilsin. Bu, normal yanaşmadır. Eyni zamanda Dağlıq Qarabağın statusu ilə bağlı danışıqları da davam etməyə hazırıq. Amma bu heç də o demək deyil ki, Dağlıq Qarabağ müstəqil dövlət olacaq. Azərbaycan buna heç vaxt imkan verməyəcək".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/553707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR