Azərbaycanda məhkum tərəfindən hədiyyə verilən və ya bazar qiymətindən aşağı qiymətə satılan əmlakın müsadirəsinin yeni şərtləri təklif olunur.
APA-nın xəbərinə görə, Milli Məclisin iclasında layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Cinayət Məcəlləsinin 99-1 (Xüsusi müsadirə) maddəsinin 3-cü bəndinə yeni cümlə əlavə olunması təklif edilir.
Əlavəyə əsasən “Məcəllənin 99-1.1 hissəsində nəzərdə tutulan (Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır) əmlak məhkum tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir”.
Layihə səsə qoyularaq qəbul olunub.