"Barselona" və Bolqarıstan millisinin sabiq hücumçusu Xristo Stoyçikov Rusiya mətbuatına müsahibə verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qızıl top" mükafatını 1994-cü ildə qazanan mütəxəsis "Real" - "Barcelona", Ronaldo - Messi rəqabətinə dair maraqlı fikirlər səsləndirib.
- Son vaxtlar sizin haqqınızda mətbuatda az-az yazırlar. Nə işlə məşğul olursunuz?
- İspaniya və Bolqarıstanda uşaq futbol məktəblərim var. İmkanım daxilində onlara vaxt sərf edirəm. ABŞ-da yaşayıram. Əsasən Meksika çempionatının oyunlarını şərh edirəm. Tez-tez səyahət edirəm, sənədli filmlər çəkirəm. Nəhayət ki, qolf oynamaq da istəyirəm. Amma vaxt məhdudiyyəti imkan vermir.
- Bolqarıstan mətbuatı bu yaxınlarda yazmışdı ki, CAR millisini çalışdıra bilərsiniz...
- Bolqar mətbuatı yazıbsa, hər şey aydındır. Boş söhbətlərdir. Onların yazdıqları əksər xəbərlər kimi.
- "Barselona" azarkeşisiniz. Ötən mövsüm "Real"ın İspaniya çempionatı və Çempionlar Liqasında ağalıq etməsi sizi məyus etdi?
- "Yuventus"la onların final qarşılaşmasına heç baxmadım da.
- "Real"ın qələbəsinə baxmaq çox ağırdır?
- Ağırdır. Amma əlimdən bir şey gəlmir.
- Lionel Messinin Ronaldudan daha güclü olduğunu hər dəfə deyirsiz. Nəyə əsasən bu fikirdəsiniz?
- Hər kəs bilir ki, onlar müasir futbolun ən yaxşı nümayəndələridir. Lakin Messi ilə heç kimi müqayisə etmək olmaz. Leo, şərhsiz nömrə birdir. İnanılmaz texnika, futbol intellekti var. Həm də xəsis futbolçu deyil. Messini Di Stefano, Pele, Kruyffla müqayisə edirlər. Ronaldonu isə Messi ilə. Bu, çox şeydən xəbər verir. "Real" da "Barsa" kimi futbol oynaya bilməz. Onların futbol məktəbini "Barselona" ilə yan-yana qoymaq olmaz. Madrid klubu son 10 ildə 3 dəfə İspaniya çempionu adını qazanıb. Bu ki, birabırçılıqdır. Bu cür imkanlarla 30 il ərzində cəmi 11 dəfə La Liqada qalib olmaq sadəcə rüsvayçılıqdır. "Real" bir mövsümdə "Barselona" kimi 5 titul qazana bilməz. Bu, onların yuxusuna belə girməz.
- Ronaldunun "Qızıl top"a başqalarından daha layiq olduğunu düşünmürsüz?
- Niyə ki? Bu mükafatı yanvarda təqdim edirlər. Həmin vaxta qədər çoxlarının fikri dəyişə bilər.
- Ötən il Yohan Kruyffu itirdik. Onun vəfatından çox kədərləndiniz?
- Dost itirmək hər zaman ağırdır. Kruyff mənə "Barselona"nın qapılarını açmış insan idi. Məhz o potensialımı açmağa kömək etdi. Yoxsa "Qızıl top"u qazana bilməzdim. Deyərdim ki, onun bu mükafata sahib çıxmağımda rolu məndən daha çox idi. Hələ də inana bilmirəm ki, Yohan aramızdan gedib. Onun ölümündən 3 gün əvvəl söhbət etmişdik. Bilirəm ki, indi Kruyff məni görür.
- Müasir futbolda onunla müqayisə ediləsi kimsə var?
- Xeyr. Elə hissim var ki, olmayacaq da. Kiminsə ortaya çıxıb onilliklər boyu uğur gətirəcək ideya verməsini təsəvvür edə bilmirəm. Kruyffa sahib olmaqda "Barselona"nın bəxti gətirib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində