Azərbaycanda “terrorçu” və “terror təşkilatı” anlayışları dəyişdirilir.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında
“Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi
müzakirə olunub.
Layihəyə əsasən, qanunun 1-ci maddəsinin üçüncü bəndində bildirilir
ki, terrorçu-hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən
terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi,
köməkçi və icraçı qismində iştirak edən və ya bu cür aktları
hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən
əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar
birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım
göstərən fiziki şəxsdir.
Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Terrorçu - hər
hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində
iştirak edən şəxsdir”.
Maddənin dördüncü bəndində təklif olunan dəyişiklikdə isə deyilir
ki, “terror təşkilatı – hər hansı formada, birbaşa və ya dolayısı
ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı,
təhrikçi, köməkçi və icraçı qismində iştirak edən, terror aktını
hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən
əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar
birliyin terror fəaliyyətini terror fəaliyyətini həyata keçirməsinə
bilə-bilə yardım göstərən terrorçu şəxslərin qrupu və ya öz
fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən
təşkilatdır”.
Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “terror təşkilatı
- terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya
öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən
təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı
bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə
məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir”
Layihə səsə qoyularaq qəbul olunub. (azvision.az)