Azərbaycan və Tacikistan XİN arasında məktub mübadiləsi olub

Azərbaycan və Tacikistan XİN arasında məktub mübadiləsi olub
18:55 13 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan və Tacikistan xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov və tacikistanlı həmkarı Sirociddin Aslov arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Tacikistan xalqları və ölkələri arasında mövcud tarixi və mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağladığını bildirib.

E.Məmmədyarov Tacikistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyini yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərinin bundan sonra da Azərbaycan və Tacikistan xalqlarının rifahının yüksəlməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, əlaqələrin dinamik inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

S.Aslov E.Məmmədyarova ünvanladığı məktubunda Azərbaycanın Milli günü – Respublika günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni səhələrdə inamla irəlilədiyini bildirib.

Həmçinin S.Aslov məktubda Azərbaycanla diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar olaraq cari ilin əhəmiyyətindən söz açaraq, bu müddət ərzində Azərbaycan və Tacikistan arasında bərabərlik və əməkdaşlıq prinsipləri üzərində ikitərəfli sıx əlaqələrin qurulmasına nail olunduğunu diqqətə çatdırıb.

S.Aslov Tacikistan və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu əlaqələrin iki dost xalqın maraqları çərçivəsində möhkəmlənəcəyinə əminliyini ifadə edib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2766244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR