Bakıda çovğun bu gecəyədək davam edəcək, sabahdan hava mülayimləşəcək

12:18 8 Yanvar 2015
142 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda və Abşeron yarımadasında çovğunlu hava şəraiti yanvarın 9-u gecəyədək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə deyib ki, əvvəlcədən məlumat verildiyi kimi, yanvarın 7-i günün ikinci yarısında əvvəlcə ölkənin şimal və qərb rayonlarında havanın kəskin dəyişilməsi müşahidə olunmağa başlayıb. Artıq ötən gecə və bu səhər bütün ölkə ərazisində qar müşahidə olunur. Bəzi rayonlarda qar intensiv yağır. Hazırda əsasən, Böyük Qafqazın rayonlarında güclü qar yağır. Yağıntılar bu gün gün ərzində intensivləşəcək, xüsusilə dağlıq və dağətəyi rayonlarda yağıntılar daha çox olacaq.

U.Tağıyeva deyib ki, bu gün gün ərzində bu prosesin ən kəskin dövrü müşahidə edilir. Güclü külək yanvarın 9-u gündüzədək davam edəcək. Gündüz saatlarında külək nisbətən mülayimləşəcək. Yanvarın 9-da gündüz saatlarında əvvəlcə respublikanın qərb rayonlarında yağıntılar kəsiləcək.

Artıq yanvarın 9-da səhər Bakıda və Abşeron yarımadasında da yağıntıların intensivliyi azalacaq, gündüz saatlarında isə yağıntıların kəsiləcəyi proqnozlaşdırılır: “Artıq yanvarın 9-da gündüz saatlarında bu proses bir qədər mülayimləşəcək. Həm külək zəifləyəcək, həm də yağıntılar azalacaq”.

U.Tağıyeva deyib ki, hazırda Bakıda və Abşeron yarımadasında çovğunlu hava şəraiti davam edir. Covğunlu hava şəraiti yanvarın 9-u gecəyədək davam edəcək.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktorunun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 0 -1, bəzi yerlərdə 2 dərəcə istidir. Buna görə də qarın yağmasına baxmayaraq, hazırda yolların buz bağlanmasi prosesi müşahidə edilmir. Amma axşam saatlarından başlayaraq, hava şaxtalı olacaq, havanın temperaturu mənfi 2 dərəcəyə enəcək. Yanvarın 8-dən 9-a keçən gecə və yanvarın 9-da səhər saatlarında havanın temperaturunun 1-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da yolların buz bağlamasına səbəb olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2350960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR