Azərbaycan ilk dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb

Azərbaycan ilk dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb
11:02 14 İyun 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb. 
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, BTİ-nin Cenevrə şəhərində keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində “Çempion layihə” mükafatı təşkilatın baş katibi Xoulin Çjao tərəfindən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevə təqdim olunub.
Bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində ilk dəfə olaraq BTİ-nin mükafatına layiq görülüb.
Məlumata görə, ölkədə dövlət idarəçiliyi və əhaliyə dövlət xidmətlərinin müasir əsaslar üzərində səmərəli və şəffaf təşkilində, informasiya və məlumatlandırma sistemlərinin imkanlarının arırılmasında informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə geniş vüsət alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də İKT-nin uğurlu tətbiqi şəraitində son illərdə aparılan mühüm islahatlar əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində qabaqcıl təcrübə nümunələri formalaşdırmaqla, həmin sahələrdə idarəetmə və xidmətlərin keyfiyyətinin xeyli yüksəlməsinə yol açıb.
Nazirlikdən bildirilib ki, artıq 3 ilə yaxındır ki, tətbiq edilən, Azərbaycanın yerli mütəxəssislərinin bilik və bacarığının məhsulu olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək bazarına nəzarətin operativ və səmərəli təşkilində, bu sahə ilə bağlı dəqiq uçotun aparılmasında, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında, əmək və sosial hüquqların təminatında xüsusi əhəmiyyət kəsb edir.
Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “Elektron hökumət” portalında geniş istifadəçi kontingenti ilə seçilir. 450 elektron xidməti özündə əhatə edən “E-hökumət” portalına ötən dövrdə 47,2 milyona yaxın müraciət qeydə alınıb ki, onlardan 7 milyona yaxını və ya 14,6 faizi məhz Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.
BTİ tərəfindən bu ilin martın 30-dan aprelin 30-dək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları tərəfindən elektron sistemlərə dair layihələr təqdim olunub. Ümumilikdə 467 elektron layihədən 345-i uğurlu hesab edilərək müsabiqədə iştirak etməyə buraxılıb. Onlardan 41-i MDB regionundan təqdim edilib. Həmçinin müsabiqədə iştirak edən elektron layihələrin 143-ü dövlət sektoruna, 77-si biznes sektoruna, 56-sı vətəndaş cəmiyyətinə və s. aid olub.
Ümumilikdə 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində nominasiyaların hər biri üzrə ən çox səs toplayan ilk 5 layihə müəyyən olunub. Həmin layihələrdən ibarət 90 “Çempion layihə” seçilib. Azərbaycandan təqdim olunan layihələrdən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “Çempion layihə”lər sırasında yer alıb.
Hazırda 193 ölkənin üzv olduğu, bir sıra İKT tənzimləyicilərini, aparıcı elmi institutları, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ beynəlxalq telekommunikasiyanın nizamlanması, standartlaşdırılması, uzlaşdırılması və inkişafı, eyni zamanda bu sahədə dövlətlərin siyasətinin uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərir.




Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azerbaycan-ilk-defe-beynelxalq-telekommunikasiya-i-ttifaqinin-cempion-layihe-mukafatina-layiq-goru

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR