ABŞ-da yeni Cekson-Venik qanunu hazırlanır

ABŞ-da yeni Cekson-Venik qanunu hazırlanır
13:12 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Rusiyanın maliyyə sistemi və energetika sektoruna təzyiqləri artırmağı planlaşdıran ABŞ-da yeni qanun layihəsinin qəbul edilməsi Rusiya maliyyə bazarlarında böhrana səbəb ola bilər. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, belə bir qanunun qəbulu de-fakto olaraq yeni bir Cekson-Venik (Jackson-Vanik) düzəlişinin (qanunun) qəbulu demək olacaq. Bu açıqlamanı Nyu-Yorkda yerləşən "Principal Investors" investisiya şirkətinin Rusiya maliyyə bazarlarına investisiyalar üzrə portfel meneceri Kayl Şostak (Kyle Shostak) verib.
Qeyd edək ki, bu qanunun maddələrinin hazırda müzakirədə olan İrana qarşı sanksiyalarla bağlı qanun layihəsinə əlavə edilməsi gözlənilir. Qanun Rusiya banklarının maliyyələşmə müddətinin 90 gündən 14 günə, energetika şirkətlərinə isə ABŞ strukturları və fiziki şəxsləri tərəfindən maliyyələşmə müddətinin 30 günə endirilməsini nəzərdə tutur. Sənədin yaxın günlərdə qəbulu gözlənilir.
"Qanunun tətbiqinin fəsadları ağır ola bilər. Burada maliyyə sanksiyaları ilə bərabər neft-qaz sektorunun təchizatı, yeni avadanlıqların alınması və texnologiyaların əldə edilməsi imkanlarının məhdudlaşdırılması nəzərdə tututlub. Bu isə Rusiya iqtisadiyyatı üçün həssas mövzudur", - deyə K.Şostak qeyd edib. Ekspert bildirib ki, bu qanun yanvar ayında qəbul edilən dəyişikliklərlə müqayisədə daha genişdir.
Xatırladaq ki, Cekson-Venik düzəlişi senator Genri Cekson (Henry Jackson) və konqresmen Çarlz Venik (Charles Vanik) tərəfindən irəli sürülüb. Düzəliş beynəlxalq normalara riayət etməyən ölkələrə qarşı tətbiq olunub və onlarda istehsalı olunan malların ABŞ bazarına daxil olmasını əngəlləyib. Qanun 1975-ci yanvarın 3-də Prezident Cerald Ford (Gerald Ford) tərəfindən imzalanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-da-yeni-cekson-venik-qanunu-hazirlanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR