Bakı metropoliteni yeni nəsil 81-765/766/767 seriyalı qatarlar ilə təchiz ediləcək.
Publika.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun "Transmaşholdinq" QSC-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşündə razılığa gəlinib.
Belə ki, "Transmaşholdinq" QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş" ASC ilə metro vaqonlarının və vaqon komplektlərinin təchizatı haqqında müqavilə imzalanması nəzərdə tutulub.
İmzalanması nəzərdə tutulan müqaviləyə əsasən, "Metrovaqonmaş" ASC-dən alınacaq vaqonlar texnologiyaların ən son nailiyyətləri ilə təchiz olunmaqla, müasir tələblərə cavab verəcək.
Ən yüksək təhlükəsizlik tələblərinə cavab verən vaqonlar
paslanmayan poladdan istehsal ediləcək. Asinxron dartı mühərriki
ilə təchiz olunan qatarlarda yeni nəsil kompüter texnologiyalarına
söykənən idarəetmə sistemləri tətbiq edilib. Həmçinin əvvəlki nəsil
qatarlardan fərqli olaraq, yeni qatarlarda tətbiq olunan
texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət
olunacaq.
Qeyd edək ki, Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon
təminatçısı olan "Metrovaqonmaş" şirkəti 2015-ci ilin aprel ayında
"Transmaşholdinq" QSC-nin bloklayıcı paketinin sahibi Fransanın
"Alstom" şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini
texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri 5
vaqondan ibarət 81-760.B/761.B/763.B modelli 3 yeni qatarla təchiz
etmişdi. Müqaviləyə əsasən, istehsal olunacaq qatarlar həmin
analoqları ilə müqayisədə daha təkmilləşdirilmiş olacaq. Sərnişin
rahatlığı və təhlükəsizliyinin müasir tələblərinə cavab verəcək
səs-küysüz, kondisionerləşdirilmiş və mikroiqlim nəzarəti olan
vaqonlar geniş qapı keçidi ilə seçiləcək. Əgər əvvəlki modellərdə
qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm olacaq. Bu isə
sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların
stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək.
Vaqonların sahəsi əvvəlki modellərdən fərqli olaraq 15 faiz
genişləndirilib və döşəməsi yeni kompozit materiallardan
hazırlanır. Daha etibarlı və uzunömürlü işıqdiodlu işıqlanma
sistemi həm də salonun mikroiqlim şəraitinə də uyğunlaşdırılır.
Sərnişin informasiya sistemləri, həmçinin müasir elektron və
interaktiv elementləri, eləcə də oturacaqları və tutacaqları da
əvvəlkilərlə müqayisədə daha təkmilləşdirilərək, sərnişin rahatlığı
baxımından yeniliklərlə zənginləşdirilib.