Naxçıvan kənd turizminin inkişafı baxımından böyük potensiala malikdir

Naxçıvan kənd turizminin inkişafı baxımından böyük potensiala malikdir
15:36 14 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yay tətili günlərini necə keçirməyi düşünənlər bəzən seçim qarşısında qalırlar. “Hara getməli, istirahət üçün sərfəli ünvan haradır?”- suallarına cavab axtarırlar. Təbii ki, şəhərin səs-küyündən uzaq, fərqli mühitdə dincəlmək istəyənlər adətən kənd turizminə üstünlük verirlər. Turizmin bu növü getdikcə populyarlığını artırmaqdadır. Dağların qoynunda, füsunkar təbiət mənzərələri ilə zəngin, sadə, kiçik bir kənd evində yaşamaq 5 ulduzlu otellərdə qalmaq arzusunu bəzən üstələyir. İstirahətini kəndlərdə keçirmək istəyənlər heç də yanılmırlar.

Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri, yaradılan müasir infrastruktur, yaşıllıqların artırılması, tarixi abidələrin bərpası istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər bu qədim diyarda turizmin bir sıra növlərinin inkişafı üçün real zəmin hazırlayıb. Tarixi-mədəni, dini, sağlamlıq turizmi ilə yanaşı, kənd turizminin də inkişafı üçün muxtar respublika geniş potensiala malikdir. Ən ucqar dağ kəndlərinədək çəkilən abad yollar, yaşayış məntəqələrinin qaz, su, elektrik, rabitə və internetlə təminatı, bütün bölgələri əhatə edən quruculuq tədbirləri də buna şərait yaradır. Təbii ki, əhalinin kənd təsərrüfatının ayrı-ayrı növləri ilə məşğul olması, qonaqpərvərliyi və zəngin süfrə mədəniyyəti də buna öz təsirini göstərir.

Nəzərə alsaq ki, əhalinin 70 faizi kəndlərdə yaşayır, o zaman kənd turizminin muxtar respublika iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu bir daha görərik. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən maarifləndirici tədbirlər də bu sahənin inkişafına istiqamətlənib. Əhalinin iştirakı ilə keçirilən həmin tədbirlərdə kənddə istirahət etmək istəyən turistlər üçün normal şəraitin yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etməyin mümkünlüyü diqqətə çatdırılır.

Həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verib. Əgər əvvəllər ancaq Batabata gedən yolun üstündə yerləşən Biçənəkdə evlər kirayə verilirdisə, bu gün artıq demək olar ki, belə təcrübə muxtar respublikamızın digər bölgələrinə də yayılıb. İndi ən səfalı kəndlərimizdə – Xanəgahda, Ağbulaqda, Dırnısda, Şahbulaqda, Küküdə və onlarla belə yaşayış məntəqələrində turistlərə evlər təklif olunur. Artıq 40-dan çox kirayə ev haqqında məlumat Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytında (turizm.nakhchivan.az) yerləşdirilib.

Muxtar respublikada turizm sahibkarlığının da inkişafına diqqət yetirilir. Kənd turizminin inkişafı məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən kreditlər verilir.

İlk istirahət mərkəzi müstəqillik illərində Ağbulaqda salınıb. Ağbulaq İstirahət Mərkəzi kənd turizminin tətbiq olunduğu ilk məkan kimi diqqəti çəkir. Həmin mərkəzin yerləşdiyi bu kənd gözəl mənzərəsi, flora və faunasının zənginliyi ilə seçilir. Bu məkanın qapıları yüksək səviyyəli xidmətləri ilə ilin bütün fəsillərində hər kəsin üzünə açıqdır.

Muxtar respublika kəndlərinin füsunkar təbiət mənzərələri həyata keçirilən quruculuq tədbirləri ilə vəhdət təşkil edir. İndi hansı səmtə üz tutsan, kənd yaşayış məntəqələrində ancaq rahat yollarla, müasir memarlıq üslubunda ucaldılan binalarla və şübhəsiz, gözəl təbiət mənzərələri ilə qarşılaşacaqsan. Onu da bildirək ki, turistlər Naxçıvan kəndləri üçün yeni model olan xidmət mərkəzlərindən də istifadə edə bilərlər.

Gözəl təbiət mənzərələrinə malik bir sıra kəndlər həm də dünya əhəmiyyətli tarixi abidələr ilə tanınır. Culfa istiqamətində belə abidələrdən Əlincə qalasını, Gülüstan türbəsini və Xanəgah Abidələr Kompleksini misal göstərə bilərik. Həmin abidələrə artan maraq bu kəndlərdə turizmin inkişafını qaçılmaz edib.

Ərəfsə pirinin və Əlincə çayının üzərində tikilmiş orta əsrlərə aid daş körpüsü, dörd bir tərəfi əzəmətli dağlarla əhatələnmiş səfalı guşələri olan Ərəfsə kəndini istirahət məqsədilə seçənlər buradakı kirayə evlərdən faydalana bilərlər.

Qızmar yay günlərində istirahət üçün ideal məkan kimi Ordubad rayonunun kəndlərini seçənlər də az deyil. Buna misal olaraq Pəzməri kəndini göstərmək olar. Təbiət öz səxavətini bu kənddən əsirgəməyib. Qaplançay, Pəzməri şəlalələri, zəngin təbiəti, dumduru bulaq suları bu kəndi məşhurlaşdırıb. Onu da qeyd edək ki, Pəzməri rayonun kiçik yaşayış məntəqələrindəndir. Lakin təbiətinin zənginliyinə görə daha çox turist cəlb etmək imkanına malikdir. Əzəmətli dağlarla əhatə olunan və yaşıllıqlar arasından boy göstərən kənd gözəlliyi ilə göz oxşayır.

Kənd yaşıl turizm həvəskarları çox da tələbkar deyillər. Turizmin bu növü ilə məşğul olmaq üçün minimal tələblərə cavab verən kənd evləri kifayət edir. Bağçaları barlı-bəhərli, süfrələri zəngin olan Dırnıs kəndinin sakinlərinin də qapısı qonaqların üzünə həmişə açıqdır. Dırnısda evlərin əksəriyyəti mənzərəli ərazidə, çay kənarında yerləşir.

Məlumat üçün bildirək ki, sovet dövründə təbiətinin zənginliyinə, iqliminə görə düşərgə salınan kəndlər Dırnıs, Ağbulaq, bir də Şərur rayonunun Şahbulaq kəndləri olub. Hər yay dövrü məktəblilər bu ərazilərdə istirahət ediblər. O dövrdə cəlbedici amil bu yerlərin təbiəti olub. Bu gün isə vəziyyət tam fərqlidir. Yəni yalnız məktəbliləri deyil, xarici turistləri qəbul edə biləcək səviyyədə kənd yaşayış məntəqələrimiz inkişaf edib.

Hər il yüzlərlə turist şəhərlərin səsli-küylü həyatından uzaq olan təbiətin qoynunda dincəlmək üçün səfalı yerlərə üz tutur. Bu mənada, hər bir turist rahatlıqla növbəti dəfə Şahbulağı seçə bilər. Sərt görkəmi ilə yolu hər iki tərəfdən çəpərləyən dağlar da buradadır, suyu ilə ürəklərə sərinlik verən buz bulaqlar da. Əzəmətli dağlar bu kəndi üzük qaşı kimi əhatəyə alıb.

Bu yerlərin gözəl təbiəti insanlarının da ruhuna sirayət edib. O qədər mehribandırlar ki, hansı qapını açsan, səni doğmaları kimi qarşılayacaqlar. Turizmin inkişafına səbəb olan amillərdən biri də elə qonaqpərvərlikdir. Çünki kənd yaşıl turizminin inkişafı yerli sakinlərin təşəbbüskarlığı və qonaqpərvərliyindən çox asılıdır.

Turisti cəlb edən məqamlardan biri də mətbəxdir. Biz özümüz də hər hansısa bir ölkəyə getdikdə əvvəlcə mətbəxi ilə maraqlanırıq. Əgər mətbəx zəngin, yeməklər dadlıdırsa, heç zaman yediyimiz yeməklərin ləzzətini unutmarıq. Naxçıvan mətbəxi də bu cəhətdən turistlərin diqqətini cəlb edir.
Torpaqdan ikiəlli yapışan kənd adamlarının həyətlərindən məhsulları yığmaqla bitməz. Burada, necə deyərlər, bir quş südü çatmır. Arıçılıq kənd adamlarının əsas məşğuliyyətlərindəndir. Bununla belə, meyvələrdən cürbəcür kompot, mürəbbə hazırlayar, süfrələrini əllərinin əməyi olan nemətlərlə zənginləşdirərlər. İstehsal etdikləri, öz zəhmətlərinin bəhrəsi olan məhsullar – bal, şor-kərə, qatıq, pendir digər kənd məhsulları – ətdən hazırlanan cürbəcür yeməklər, bağdan yenicə dərilib gətirilən dadlı-tamlı meyvələr süfrələrinin bərəkətidir. Bir sözlə, süfrədə nə varsa, ekoloji cəhətdən saf, insan orqanizmi üçün faydalı məhsullardır. Ən əsası, bu yerlərin saf havası, gözəl mənzərəsi insanın ruhunu qidalandırır.

Turist bir ölkəyə səfər etdikdə onu maraqlandıran məqamlardan biri də həmin yerin insanlarının məşğuliyyəti, adət-ənənəsi olur. Bu gün Naxçıvanın kəndlərində xalq sənətkarlığının ayrı-ayrı sahələrini yaşadan sənətkarlar da az deyil. Dəfələrlə muxtar respublikada keçirilən sərgilərdə iştirak edən sənətkarların əl işi hədiyyəlik əşya olaraq da turistlər üçün maraq kəsb edə bilər.

Yay tətilini mənalı keçirmək üçün ölkə sərhədlərindən kənara çıxmaq şərt deyil. İstirahətinizi səmərəli keçirməyi düşünürsünüzsə, uca dağların qoynunda yerləşən, şəfalı bulaqları, təmiz havası, gülərüz insanları ilə Naxçıvan kəndləri sizi gözləyir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2766589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR