Türkiyə ordusu Naxçıvana niyə gəlib?

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.

“Təlimlər Ermənistan və onun havadarlarına həm də bir ismarıcdır”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı hərbi jurnalist Ramil Məmmədli bildirib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq çox yüksək səviyyədə, hətta ittifaq mərhələsindədir:

“Türkiyə və Azərbaycan silahlı qüvvələrinin bütün qoşun növləri təlimlərdə mərhələlərlə iştirak edir. Naxçıvan Azərbaycan üçün həssas bir bölgədir. Ona görə ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanla düşmən olan Ermənistanla ən böyük sərhədə malikdir. Bu səbəblə, ərazi düşmən tərəfindən hücuma, hər hansı bir təxribata məruz qala bilər. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan ərazisində yerləşən hərbi birləşmələri hər zaman hərbi texniki baxımdan daim nəzarə altında saxlanılır, döyüş bacarığı gücləndirilir, inkişaf etdirilir. Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan ərazisində Azərbaycan Silahlı Qüvvələri ilə birgə təlim keçirməsi məhz buna hesablanıb”.

Qeyd edək ki, 5000 nəfərədək şəxsi heyətin, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaların cəlb olunduğu təlim iyun ayının 16-dək davam edəcək.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR