Bakının sərnişin avtobuslarında oturacaq problemi...

Avtobuslarda oturacaq çatışmazlığı insanlar arasında sözün əsl mənasında narazılığa səbəb olur.

Metbuat.az xəbər verir ki, problem sıxlığa da yol açır.

“Sərnişinlərin hamısı oturmalıdır deyə bir qayda yoxdur”.

Bu sözləri Metbuat.az-a “BakuBus”MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib.

“Oturacaqların sayı məsələsi o demək deyil ki, hamı oturmalıdır. Avtobuslarda ayaq üstə durmaq üçün də yerlər var. Təbii ki, avtobuslarda eşidirsiz ki, yaşlılar, uşaqlar, eyni zamanda fiziki əngəli olan vətəndaşlara yer verilməlidir, onlar əyləşməlidir. Bütün sərnişinlər oturmalıdır deyə qayda yoxdur. Avtobuslarda əl tutmaq üçün, dayanmaq üçün xüsusi yerlər var. “Baku Bus”-ın 24 saat fəaliyyət göstərən qaynar xətti var. Sərnişinlərin nə narazılığı varsa, gün ərzində sıxlıq olanda da, bütün problemlərlə bağlı bizə müraciət edə bilər. Eyni zamanda “Baku Bus”-ın “Facebook” səhifəsində “BakuBus”-ın elektron ünvanı qeyd olunub, ora gün ərzində müxtəlif müraciətlər olur. Həmin müraciətlər araşdırılır və sərnişinlərə məlumat verilir. Şikayətlər araşdırılan zaman əlbəttə ki, video görüntülərdən istifadə edilir. Bu yolla hadisənin səbəbini araşdırmaq üçün daha obyektiv və tez nəticə əldə edirik. Hər ayın sonunda şikayətçilərin əksəriyyəti ilə görüş keçirilir. Araşdırmanın nəticəsi onlara əyani şəkildə izah olunur. Hətta lazım gələrsə, görüntülər də həmin sərnişinlərə tək-tək göstərilir ki, heç bir narazılıq qalmasın. Deyim ki, oturacaqlarla bağlı bizə şikayət daxil olmayıb. Şikayətlər əsasən intervallarla bağlı daxil olur. İntervallarla bağlı şikayətlər araşdırılan zaman baxıb görürük ki, əsasən şəhərin müxtəlif yerlərində mütəmadi olaraq avtobus sıxlığı var, və yaxud müvəqqəti tıxac var, yol bağlıdır. Bütün bunların hamısı intervala müəyyən dərəcədə təsir göstərir. Avtobus da yerüstü nəqliyyat vasitəsidir. Yollarda olan maneələr intervala təsir göstərir. Avtobuslarımız Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən onlayn şəkildə izlənilir”.

“Şəhərdaxili avtobusda ayaq üstə getmək olar”.

Bu sözləri Metbuat.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti rəhbərinin müavini Mais Ağayev deyib.

“Ayaq üstə daşınılan sərnişinlərin sayı ilə bağlı hər bir avtobusun istehsalçı tərəfindən müəyyən olunmuş normaları var. Söhbət şəhərdaxili maşından gedir əlbəttə ki. Təbii ki, oturacaqların çıxardılması, sayının azaldılması və yaxud da artırılması doğru addım deyil. Bəzi istehsalçılar tərəfindən düzdür, belə hallara yol verilir. Lakin biz tərəfdən də aşkarlananda onlara irad bildirilir ki, bu cür hallar aradan qaldırılsın. Hər bir avtobusun içərisində avtobusun öz istehsalçısı tərəfindən müəyyən olunmuş yerlər var. Şəhərdaxili avtobusda ayaq üstə getmək olar. Lakin şəhərətrafı, rayonlararası avtobuslarda isə olmaz. Hər şeyin norması var. Nə artıq ola bilər, nə də əksik”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR