Paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib.
Publika.az xəbər verir ki, bu barədə "Azəravtoyol" Açıq Səhmdar
Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun
sözlərinə görə, yeraltı piyada keçidi Hüseyn Cavid parkının
qarşısında inşa edilib. "Azəravtoyol” ASC-nin
"Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan
layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi
uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan
pilləkan hissələri və 35.2 metr olan qalereyası daxildir.
Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir.
Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz
olunub.
Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv
hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və
təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm
də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini
təşkil etməkdir.