MÜSAHİBƏ "Qarabağ mənim üçün ikinci plandadır"

Metbuat.az-ın bu dəfəki qonağı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavətdir.

- İstedad kəşf olunurmu?

- İlk şeirimi 14 yaşında yazmışam. Heç mənim ağlıma gəlməzdi ki, istedadı kəşf etmək lazımdır. Heç mən bu yaşda özüm-özümü kəşf eləməmişəm. Şeirin mövzusu məhəbbət idi. 14 yaşımda Qarabağ uşağı, qəşəng təmiz hava. “İki arzu şeiri” insanların xoşuna gəldi. Şeiri sevib yazmışdım. Kənd yeri idi də, bir az telini dara, lentdən zaddan bağla saçına, ol hamıdan gözəl. Qızın adı Əntiqə idi. Qəşəng idi. Mənim də zövqüm görünür yaxşı olub. Qız məndən bir sinif yuxarıda oxuyurdu. Bilmirəm, bəlkə də sevgi o idi. O şeiri yazdım, bizim rayonda (Füzulidə) “Qızıl Araz” qəzeti çıxırdı. İl yarım növbədə olandan sonra orda çap olundu. Ondan sonra da həvəsləndim. 60 ildir elə o həvəs canımda, qanımda, şüurumda, istəyimdə hopmuş şəkildə qalır. Məni heç kəs kəşf eləmədi. Elə özüm kənddən atla gedirdim redaksiyaya. Orda baxırdılar. Taledir də...

- Muğam sevginizin qarabağlı olmağınızla bağlılığı varmı?

- O vaxt məktəbdə bayramlarda deklamasiya deyirdik, şeir parçaları. Mən ondan qəribə olsa da, imtina elədim. Dedim mən deklamasiya deməyəcəm. Dedilər bəs nə eliyəcəksən? Dedim oxuyacam. Məktəbimizin tədbirlərində mahnı oxuyurdum. Səsim də yaxşı idi. Ümumiyyətlə, bizim tayfa - Muradxanlılar tayfası böyük bir tayfadır. Qarabağda ondan böyük tayfa yoxdur. Muğama meylim böyükdür. Tədbirlərdən başqa, bir də tənhalıq üz verəndə əlimizi qulağımızın dibinə uzadıb oxuyurduq. Həm də şeir, hekayə yazırdım. Məktəb direktorumuz ədəbiyyat müəllimi idi. Yazdıqlarımı ona, kalxoz sədrimizə göstərirdim ki, bu ədəbiyyatı yaxşı bilir. Sən demə heç onun da bildiyi bir şey yox imiş. Rayon mərkəzinə gedirdim. Cəbrayılda, Ağdamda, Beyləqanda ədəbiyyat dərnəkləri var idi. Onların hamısını avtobusla gəzmişəm. Cəbrayılda “Kalxozçu” qəzeti var idi, yazılarım orta məktəbdə oxuyanda orda çap olunurdu. “Yüksəliş” qəzetində də çap olunurdu yazılarım. Orda gözəl heyət var idi. Onları bütün Azərbaycan tanıyır. Əjdər Fərzəli, Fərman Kərimzadə, Yusif Kərimov. Yəni, özümüzə mühit axtarırdıq da. Harda hiss eləyirdik ki, ora getsək, maraqlı olar, gedirdik.

- Sevgiyə tərif vermək olar?

- Yox. Mən özüm bu yolda çox əziyyət çəkmişəm. Cavan oğlan olmuşam, nisbətən də gözəgəlimli idim. Əziyyətlərim, sarsıntılarım çox olub. Sevginin tərifi olmur. Sevgi tərifi olmayan yeganə şeydir. Hətta Allahın tərifini vermək olar. Yer üzündə milyard adam sevibsə, onların hərəsi üçün sevginin bir tərifi var. Burada ortaq tərif yoxdur, qeyri-mümkündür. Mən bilən sevgiyə tərif kimsə verə bilər, dahi nə bilim kim, əgər o tərif hamı tərəfindən qəbul edilərsə, həmin gündə sevgi məhv olub gedər. Belə demək olar, sevgi tərifi olmayan yeganə bir duyğudur.

- Şairlərin Allahsız olması ilə bağlı fikirlə razısınız?

- Sovet dövründə Allahsızlıq təbliğ olunurdu. Universitetdə elmi ateizm deyilən bir fənn də keçilirdi. O Sovet dövründən qalmadır. Mənim o vaxt bir “Alça çiçəyi” adlı hekayəm çıxmışdı. Yazmışdılar ki, Seyran Səxavətin “Alça çiçəyi” hekayəsində 28 dəfə Allah sözü var. Bilirsiz necədir, Allah eşqi, Allah sevgisi nə dövrə baxır, nə zəmanəyə baxır, nə də böyük-kiçiyə. Allah eşqi normal adamların hamısında var. Mən Sovet vaxtı Allahımı necə sevirdimsə, Sovet rejimi dağıldı, Allah ki, dağılmadı, əstağfürullah. Allah elə həmin Allahdır. Sadəcə yer üzündə elələri var ki, öz namizədliyini irəli sürməyə çalışır, onları mən Allahın nümayəndəsi hesab eləmirəm. Hamısı fırıldaq, hamısı kirli-paslı. Elələrindən nəinki uzaq qaçmıram, onları heç yaxına da buraxmıram. Allah eşqinin bir çaları da əxlaqdır. Sözün böyük mənasında əxlaq. İndi bizdə əxlaq deyən kimi ancaq bir şeyi nəzərdə tuturlar. Özdə nədənsə təkcə qadın əxlaqını nəzərdə tuturlar. Kişi bəlkə ondan da min dəfə betərdir. Mən həmişə Allahıma şükr eləmişəm. Bu yaşımda da, yatanda da, duranda da Allahdan xahiş eləyirəm ki, hamını, imkan olanda da uşaqlarımı,törəmələrimi, nəvələrimi, nəticəmi qorusun, muğayət olsun.

- Allahın yerini təyin edə bilmisinizmi?

- Mən Allahı həmişə göydə təsəvvür eləyirəm. Elə bilirəm ki, elə hamıdan düz mən deyirəm. Buna da inanıram. Ötən ay “Ədəbiyyat” qəzetində Türkiyə ilə bağlı yazım çıxıb. Getmişdim İstanbula. Orda da yeri gəldi, dedim ki, insana nə lazımdırsa, hamısı yerdədir. Bir Allahdan başqa. Və yaxşı ki, Allah yerdə deyil. Özünüz bilirsiz niyə.

- Ziyalıların cəmiyyətdəki mövqeyini qənaətbəxş hesab etmək mümkündürmü?

- Mən bütün dünyanı gəzmişəm. Cəmiyyət bizdə, üstəgəl bütün dünyada o şəkildə korlanıb ki, deyərdim ki, cəmiyyətin əxlaqına qurd düşüb. Dünya ictimaiyyətinin əxlaqına qurd düşüb. Burda ziyalı heç bir şey eləyə bilməz. Bəlkə Allahdan başqa. O, da dəryada balıq sevdasıdır. 35-40 il bundan əvvəl insanların bir-birinə münasibətilə indiki münasibət arasında at-dəvə fərqi var. Onu da kimsə, ya da nəsə gəlib qıraqdan korlamır. Özümüz korlamışıq. Özümü də ora qatıram. Əziyyətini də indi özümüz çəkirik. Dar çərçivədə götürsək, milli şüur həddindən artıq aşağıdır. Şkala var da, sıfır, sıfırdan yuxarı. Şkalada sıfırdan aşağı yoxdur. Bizdə milli şüur sıfırdan aşağıdır. Milli şüuru nə yaradır. Milli şüuru təhsil doğur, bələyir, ərsəyə gətirir. Ona hərəkət, güc, qüvvə verir. Təhsil də sıfırdan aşağı olduğuna görə, milli şüurdan nə söhbət gedə bilər, heç bir.

- Təhsil milliliyə bağlı olmalıdır...

- Tutaq ki, kasıbın uşağı təhsil almaq istəyir. Varlılar birləşib o uşağın təhsil haqqını verdi, Azərbaycanda oxudu, nə oxuyacaq o? Bütün dərsliklər bərbad, gündə bir sistem. O vaxt biz tələbə olanda balon plaş var idi, alırdıq. Sən demə İtaliyadan gəlirmiş o. Boloniya sistemi belə gedər? Məsələn, ikimizdən biri digərimizə oxşamağa çalışsaq da alınmayacaq. Əksinə, arada özüm də itib batacam. Hər millətin şüurunun səviyyəsinə görə, dünyanı dərkinə görə, dünyagörüşünə görə də bir təhsil sistemi olmalıdır.

- Sovet təhsil sistemi ilə hazırki sistem arasındakı fərqlər?

- 15-20 il bundan qabaq sonuncu sinifdən repetitor tuturduq. Sonra 9-10-cu sinifdən müəllim tutmağa başladıq. Sonra daha da aşağı siniflərə enməyə başladı. Nəvəm bu il 2-ci sinfə gedəcək. Mən ona 1-ci sinfə gedən gündən, sentyabrdan müəllim tutmuşam. Ona görə yox ki, o hamıdan yaxşı oxusun, ona görə ki, bu saat onunla oxuyanların əksəriyyəti əlifbanı, vurma cədvəlini bilmirlər.

- Texniki yeniliklər inkişafdan xəbər verirmi?

- Bizdə yaxşı uşaqlar, fitri istedadlar var. Bu xalq ümumiyyətlə, çox istedadlı xalqdır. Bəzən imkanı olmayan bir-ikisini qatıb o birilərinə xaricə oxumağa göndərirlər. Söhbət kütləvi savadsızlıqdan gedir. Biz 30-cu illərdə orta məktəbdə oxuyanda, 60, 65,70 yaşlı kişiləri, qadınları kütləvi savadsızlığı ləğv eləmək üçün gecə məktəblərinə cəlb edirdilər. Bu saat həmin dövrdür. Kompüterə girib-çıxmaq, telefonla oynamaq, qulağa nəsə taxmaq səviyyə deyil. Bizdə pis şeyə meyl daha çoxdur. Dostumuz İlham bəyin kinostudiyada çıxan satirik “Mozalan” jurnalında çıxan bir yazını çox bəyənmişdim. Bilirik ki, yeraltı keçiddən keçmək lazımdır. Amma heç kəs keçmir, hamı üstdən, böyürdən, başdan keçir. Sonra gətirib o yeraltı keçidin girəcəyinə qadağa işarəsi qoyurlar. Hamı qaçır ora. Ona görə də, lap təhsil sistemi Boloniya olsun, nə bilim Fransa olsun, Amerika olsun, seçəndə həmin o keçid məsələsini nəzərə alıb, seçsinlər. Hər şeyi pozub, yenidən, əlifbadan başlamaq lazımdır. Əlimizdə sovet təhsil sisteminin təcrübəsi var.

- Səməd Vurğunun “Azərbaycan” şeirinin reklama qoşulmasına münasibətiniz?

- Son dərəcə pis. Buna heç cürə haqq qazandırmaq olmaz. Mərhum prezidentimiz Heydər Əliyev o şeiri əzbər dedi və ağladı. İndi onu reklama qoşurlar? Adamın imanı və dini olmalıdır. İman, din, evdə arvad-uşaq pul olanda, hər şey pulla ölçüləndə, gəlir axırda belə olur.

- Mövlud Mövludun intiharına gətirilən səbəblər arasında pulsuzluq da var idi. Sizcə pulsuzluq insanı intihara sürükləyə bilərmi?

- Mövludla intiharından bir neçə gün əvvəl görüşdüm. Üzügülər, həmişə gülən, səmimi insan idi, onu çox istəməyən yox idi. Onunla zarafatım var idi. Şirin, bal kimi uşaq idi. Ailə qara meşədir. Bilmək olmaz nədir. Biri var görüntü, biri də var ki, görünməyən tərəflər. Bəzən görünən tərəflərdən daha çox həlledici rol oynayır. Bəlkə də o özünü öldürmək qərarına gələndə, bir neçə dəqiqə əvvəl dost- tanışına rast gəlsəydi, indi sağ olardı. Hamının maddi problemi olur. Onda gərək Azərbaycanda 10 milyon kəndir olsun, hamı özünü öldürsün. Mən ancaq onu bilirəm ki, onun ölümü məni çox yandırdı. Atasına başsağlığı verdim, əlimdən başqa heç nə gəlmədi. Kəramət 2 dəfə Qazaxa getdi. Mən onu eşidəndə sevindim ki, heç olmasa öləndən sonra da adamı axtaran var. Bu yaxınlarda teleqraf.az saytının rəhbəri Aynur xanımla verilişlərin birində çıxış edirdik, dedi ki, Mövlud Mövludun adına mükafat təsis etmişik. Təcrübədən görünür, siz də bunu bilirsiz, yazıq elə ölənə. Yetim də böyüyür, akademik də olur, ya da cinayətkar olur. Qısası, hamı böyüyür, gedənə heyf. Həyat bunu həmişə sübut edib.

- Yazıçı, yoxsa yazar?

- Yazıçı ixtisas bildirən sözdür. Dəmirçi, kalxozçu və s. Yazar nə demədir? Nə olsun, kişi sözünün də kökü kişidir də. Onda onların Tbilisi prospektində nə işi var. Məndən soruşublar ki, Azərbaycanın ən böyük problemi nədir demişəm siz gözləyirsiz ki, mən deyim Qarabağ. Xeyr. Qarabağ mənim üçün ikinci plandadır. Ən böyük problem Azərbaycan dilinin reanimasiya vəziyyətində olmağıdır. Məndə 30 minə qədər fakt var. Mən bir dəfə təklif elədim ki, Konstitusiyamızda bir maddə var onu dəyişin. O maddə ki, deyir ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Dedim onu dəyişin, yazın, Azərbaycanın dövlət dili Azərbaycan televiziya məkanının dilidir. Heç bir kəs azərbaycanca danışmır. Mən bunu peşəkar kimi deyirəm. Dəfələrlə bu misalı çəkmişəm. Bizim cəbhəyanı kənd var - Əlibəyli. Ordakılar mikrafonu görən kimi başlayırlar öz ləhcələrində danışmağa. Ləhcə gözəldir, şirindir. Mənə ləzzət eləyir.

- Televiziyaların çoxluğunu mədəniyyət göstəricisi hesab etmək olar ?

- Mənim imkanım olsa, Azərbaycandakı bütün televiziyaların hamısını bağlayaram. Mən Hitler deyiləm. Əvvəla sayına görə bura 1 televiziya bəsdir. Adam da tapmırlar çağırıb danışdırmağa. Ona görə də bazara dönüb. Qadınlar yığışan televiziya verilişi, paltarbiçdidən də, bizim səviyyəsiz toylardan da aşağı səviyyədədir. Yoldan tutub gətirirlər ki, gəl aparıcı ol.

- Son zamanlar demək olar ki, hər bir insanın danışığında ən azından türk sözlərini işlətdiyinin şahidi oluruq. Doğma dilində danışmayanların tutarlı səbəbləri nə ola bilər?

- Bir cavan yazıçı var, Kamrandı deyəsən adı, tərbiyəsiz də yazı yazmışdı, getdi xaricə. Gedib orda deyəsən bublik zad satır. O demişdi ki, azərbaycan dili o qədər kasıb, yazıq, köməksiz bir dildir ki, orda heç nə yazmaq olmaz. O ki azərbaycan dilini hardan-hara qədər bilir, o bildiyi səviyyədə doğrudan da heç nə yazmaq olmaz. Mən Türkiyədə idim, onlar özü dəfələrlə etiraf elədilər ki, türkdilli xalqlar içərisində ən çeviki, ən ifadəlisi, ən ağırçəkilisi Türkiyə türkcəsi də başda olmaqla, azərbaycan dilidir. Mən bunu bilirdim, sadəcə onların bunu etiraf etməsi mənə xoş oldu.

- Azərbaycan dilinin zəif dil olduğunu deyənlər fikrini ifadə eləyə bilməyənlərdir...

- İstənilən adamla mübahisə eləməyə hazıram, necə olur ki, fikri ifadə eləməyə söz tapmırlar. Özlərini aparıb elə yerə salırlar ki, qalırlar belə. Mən azərbaycan dilində özümü suda balıq kimi hiss eləyirəm. Nə istəmişəm demişəm. 50 il əvvəl təsvir idi, sujet qururdular, kimsə kiməsə söz verirdi ki, get əsgərliyə, səni gözləyəcəm. Gəlib görürdü qız ərə gedib, o da gedib onun nişanlısını öldürürdü. Axmaq-axmaq şeylər yazırdılar. “Nekroloq” romanım belə başlayır. Aralıdan baxanda yer kürəsi çürük toxuma oxşayır, yaxından baxanda isə oxşamır. Elə çürükdür. Buna dil imkan verir də. Bu niyə zəif dil olsun ki? Sadəcə dili bilmək lazımdır. Danışmaq dil bilmək demək deyil. Hətta, bizim xalqımızın özündə dilini tap ifadəsi var. Yəni, onunla öz dilində danış. Bütün bu dünyəvi dillərdən başqa hər nəfərin öz dili var. Onun dilini tapmalısan.

- Dilinizi tapmaq asandırmı?

- Mən görəndə ki, adam səmimidir, mənimlə nə istəsə eləyə bilir. Hər şeyimi onun ixtiyarına verirəm. Bəzən eksperiment də eləmişəm, maraqlı olsun deyə. Nəticə 99% yaxşı olub. O mənim bacarığım deyil, mənimlə kontakta girən adamdan asılıdır. Bəzən böyük-kiçik səddini tapdalayıb, qırmızı xətti keçən kimi tez özü dayanıb. Bunun nəyi pisdir ki?

- Dostları yaşa görə seçmək olar?

- Mən ilk şeirimi yazanda Ənvər müəllimlə dostluq edirdim. Onun 34 yaşı var idi. Mən uşaq vaxtı böyüklərlə dostluq edirdim, indi də qoşulmuşam uşaq-muşağa. Onlar mənə ləzzət eləyir. Bir dostum var, 25 yaşı var. Cavan özündən böyüklə oturub-dursa yaxşıdır. Böyük də özündən balaca ilə . Mənim praktikam belə olub və bu mənə ancaq müsbət impuls verib. Bəlkə hamıda alınmayacaq. Bunun resepti yoxdur. Bizdə bir söz var e, uşaqla uşağam, böyüklə böyük. Uşaqla böyük arasında bəlkə də, burdan ən uzaq planetə qədər məsafə var. Gör nə boyda məsafəni qət eləməlisən. Məndə bu münasibət əla alınır. Özüm buna can atmamışam heç vaxt.

- Ətrafınızda yaşı çox olsa da, özünü idarə edə bilməyənlər var?

- Biri var, Cavad Zeynal. Mənim uşaqlıq dostumdur, məndən də 2 yaş böyükdür, gözəl şeirlər yazır. Amma mən onu hər yerə aparmağa utanıram. Birdən elə şeylər danışır ki, hamının ağzı açıq qalır. O, böyümədi. Bəlkə də, elə ona görə yaxşı şeirlər yaza bilir. Bilirsiz, şair yaşı bir az uşaqlıq yaşına uyğundur.

- Qələm çalmağın xüsusi şəraiti olur?

- Mənim bir saatım var, o vaxt şahın vaxtında, İranda işləyəndə ordan almışdım. Bir də “təxti Cəmşid”in rəsmi ilə qızıl üzük. Onları stolun üstünə qoyub sonra yazmağa başlayıram. Onların mənə verdiyi hər nədirsə, yaxşı bir şeydir. Xoşbəxtlikdən elədir ki, həyat yoldaşım görəndə ki, səs-küyümü qaldırıram, nəsə narahatam, deyir Seyran, sən Allah hara istəyirsən get, otur yazını yaz. Sənin artıq vaxtın gəlib. Sovet vaxtı Baltikyanı ölkələrə, hərdən Qazaxıstana da gedirdim, SSRİ-nin hər yerində bizim yaradıcılıq evləri var idi. Gedib oturub işləyirdik.

- “İlham pərisi” mövcuddur?

- Mənim pəri adında arvad xeylağı tanışım yoxdur. İlham pərim deyənlərin çoxusu pəriylə küsülüdür. Pəri də xanıma deyirlər. Bəlkə də o ilham pərisi ərlərini çoxdan boşayıblar. O, uydurma bir şeydir. Rabitəyə girməyin dəqiq vaxtı yoxdur. Hər dəqiqə ola bilər, bəzən də illərlə olmaz. Necə ki, mən 4-5 il heç nə yazmadım. Yaza bilmədim hətta. Mənə sual verəndə ki, niyə uzun müddətdir görsənmirsiniz, susmusunuz? Dedim mən susmağımla ədəbiyyatımıza xidmət elədim. Zibilləməkdənsə, susmaq daha yaxşıdır.

- Yazıçılar digər insanlardan nə ilə seçilir?

- İnsanın müəyyən halı var. O hala düşürsən, haldan-hala düşürsən, artıq sən özündə olmursan. Söhbət dəlilikdən getmir. Çəkilirsən bir qırağa, o yükü boşaltmaq istəyirsən. Boşaldırsan, yüngülləşirsən. Yazıçılıq həm də bir az özünü sevməkdir. Yazıçılıq mənimçün xasiyyətdir, bu mənim xasiyyətimdir.

- Seyran Səxavət nəyə haqq deyir?

- Mənimçün haqq yerini tapmalıdır. Bir şeyin ki hamı üçün konkret adı var, kimsə mənimlə mübahisəyə qalxıb, onun başqa bir şey olduğunu deyərsə, buna nifrət eləyərəm. Həmin adamdan fikrinə aydınlıq gətirmək üçün izahat belə istəmərəm.Çünki bu vaxt aparacaq, həm də hamı haqqı görürsə, elə biri üçün nə şəraiti yaratmalıyam. Mənimçün haqq çox sadədir, qatıq ağdır, vəssalam. Kim mübahisə eləsə ki, qatıq qaradır, onu mən Allahsız hesab eləyirəm. Onu mən dünyanın ən bədbəxt, nəfisli, tamahkar adamı hesab eləyirəm. Rəngi səhv deyirsə, demək orda nəsə var, bundan istifadə eləmək istəyir.

- Muğam festivallarından çıxanlar yerlərində sayır...

- Muğam ifaçılarından çoxunu bəyənmirəm. O da mənim günahım deyil. Mən Cabbar Qaryağdıoğluna, Yaqub Məmmədov, Xan Şuşinskiyə, qohumum Seyid Şuşinskiyə, Zülfi Adıgözəlova qulaq asmışam. Mən o zövqün adamıyam. Alim Qasımov mənim dostumdur. Tıxacda belə düşüb mənlə görüşür. Mən onun oxumağını qəti bəyənmirəm. Düz oxumur. O, təzə başlayanda tarzən Bəhram Mənsurovla toylara gedirdi. Deyirlər avropalılar Alimi bəyənir. Avropalı, amerikalı muğamı məndən yaxşı hiss eləyə bilməz. Amerikalı nə bilir muğam nədir? İndikilər o vaxtkılar deyil, heç vaxt ola bilməz. Muğam festivalları keçirilir, təqdirəlayiqdir, amma orda oxuyanlar necə başlayıbsa, elə də davam eləyirlər. Bir millimetr qabağa getməyiblər. İrəliləyiş yoxdur. Onlardan Güllü Muradova əjdaha idi. Amma indi görünmür o, yoxdur. Dişi Cabbar deyirlər e Sevinc Sarıyeva. Onların ustaları yoxdur. O, yaxşı oxuyur. Peşəkar müəllim yanına getmək lazımdır. Bizim kənddə cavan adamlar öləndə ağı deyən arvad var, bəzi muğam oxuyanlardan yaxşı ağı deyir.

- Verilişi idarə edən adamı necə adlandırmaq olar?

- Aparıcı sözü mənasına görə irəlidə olmalıdır, qabaqda getməlidir. Amma əksər verilişlərdə görürəm ki, qonaqlar qabaqda oturub, aparıcını axtarırlar ki, a bala hardasan gəl keç qabağa. Aparıcı sözünü bəyənmirəm. Heç olmasa, Moskvanın keçmiş verilişlərinə baxsınlar. Adamın özünün təfəkkürü olmalıdır. Mal-dövlət, ev, dost adamın özünə məxsus olanda, özününki olanda, onun başqa bir ləzzəti olur. Bunlar çevir tatı vur tatıdır. Bir dəfə bir verilişdə idim, nə dedim, aparıcı qayıtdı ki, Seyran müəllim bura mənim elə yaralı yerimdi e. 4-5 dəfə dedi, bura mənim yaralı yerimdir. Öz də qız xeylağı idi. Dedim, bala sənin heç bir salamat yerin yoxmuş ki. Televiziya bizlik deyil. Verilişə çağırmağa adam tapmayanda, öz şöbələrindən adamlar gəlib çıxış edir.

- Şairlərin, yazıçıların cibi boş olur deyirlər. Sizdə necədir?

- Cibim heç vaxt boş olmayıb. Mən varlı yazıçıyam. Mənim nəfsim demək olar ki, yoxdur. Ona görə də həmişə pulum olub. Özdə mənim yaxşı dostlarım var, mən havayı yaşamamışam. Son dəfə birinin şoferi mənə konfet gətirib verdi. Yazıçıya kömək edirlər də. Məni sevirlər. Evimi də dostlarım tikib. Onlar həm də mənim gözəl oxucularımdır. Tale belə gətirib ki, bir yerdə böyümüşük, mən də onlara pis olmamışam. Maddi problemim yoxdur. Bizdə 70 yaşında baba olan uşaq doğulan kimi fikirləşməyə başlayır ki, ay Allah, görəsən bu instituta girə biləcək, toyun görəcəm, əsgərliyə getsə görəsən cəbhə bölgəsinə düşəcək? Bunların hamısı təhsilsizlikdən, şüursuzluqdan, bədbəxtlikdən irəli gəlir. Dünya baxmaq üçün gözəldir,ən bədbəxt adam odur ki, dünyanın hər şeyində gözü var. Mən dünyanın ancaq sözünə, bir də gözəlliyinə şərikəm. Mənim dolyam gözəllikdən, sözdən gəlir. Kim neynədi, nağardı mənlik deyil. Həmişə xeyrə-şərə getmək səviyyəsində pulum da olub. Bəzən azadlığa, kimləsə çıxıb uzağa getmək imkanım da olub, indi də var. Dünyanı da vecimə almıram.

- Müsahibələrinizin birində demisiniz ki, Qarabağ alınmayana qədər kişilikdən istefa verirəm...

- Mən demişdim ki, nə qədər ki, Qarabağ problemi həll olunmayıb, lap aşağıdan-lap yuxarıya kimi, kim özünü kişi hesab edir etsin, mən kişilikdən istefa verirəm. Qarabağı almayana qədər də, mən kişi deyiləm. Ümiddən çox bəlkə də arzu ilə qarışıb. Adam bəzən istəyini dilə gətirir. Mən şəxsən ümidimi kəsməmişəm. Reallıq da mən bilən mən deyənə yaxındır. Atamın, anamın qəbri ordadır. Qarabağ orda, kəndim orda. Torpaqlarımız işğaldan azad olunan kimi, birinci özüm gedəcəm. Tayfam 1228 nəfəri keçib. Bu saat hamısı startda hazırdır. Baxmayaraq ki, hamısının burda evi-eşiyi var, gedəcəklər. Kim getmək istəmərsə, getməsin. Biz o torpaqları əkib-becərərik. O torpaq elə bir torpaqdır ki, çəliyin yadından çıxıb qalanda gəlib görürsən ki, böyüyüb ağac olub. Ora qayıtmaq istəməyənlər alçaqların, əclafların uydurmalarıdır. Əgər 5-10 nəfər qərara alıbsa ki, o torpaqlara qayıtmayacaq, elə onların qayıtmağından qayıtmamağı məsləhətdir. O sözü deyən ermənidir. Qanında olmasa da, yəqin düşüncəsində erməni düşüncəsi var elələrinin.

- Məcburi köçkünlərə qarşı ayrıseçkilik edənlərə hansı adı vermək olar?

- Kimsə kimin yerini dar eləyir. Məsələn, yerli bakılı görürsə qaçqın gəlib, 2 mərtəbəli ev tikib. Onun adı paxıllıq hissidir. Çalışıb, işləyib alıb da.

- Vətən xaininə fikrinizcə hansı cəza verilməlidir?

- Vətən xaininə ən ağır cəzanı vermək lazımdır. Hətta, dostluqda belə xəyanət edirsənsə, orda ən ağır cəza olmalıdır.

- Sizi repressiya ilə hədələyən olub?

- Xeyr, adam gərək yalan danışmasın. Bir-iki dəfə KKB-yə çağırıblar. Orda biri var idi, gəncəli. Mənə dedi ki bala sənin dədən səni bura nəyə göndərib? O vaxt mənim 19, onun isə 45 yaşı var idi. Dedim, dədəm oxumağa göndərib. Dedi, başını aşağı sal, dərsini oxu. Bir də elə yazılar yazma. Dedim, axı yazılar yazmayanda dura bilmirəm. Dedi, yaxşı yaz, daha durub onları şeir gecələrində, akt zallarında oxuma.

- İnsanın xasiyyəti dəyişə bilər?

- İnsanın xasiyyəti heç vaxt dəyişilə bilməz. Əgər insandırsa. Quyruqdursa, hər adamı görəndə bir cür olacaq.

- Yaradıcılığını bəyəndiyiniz gənc yazıçılar?

- Şərif Ağayar, Kəramət Böyükçölün “Çöl” romanını bəyənirəm. Şablon çıxmasın, Nizamisi, Füzulisi, Nəsimisindən ta Məmməd Araza qədər, bu cür nəhəngləri olan bir xalq sonsuz ola bilməz. Yeni istedadlar gəlir və gələcək.

- Yaradıcılığınızda yeniliklər?

-Bu yaxınlarda “Qaçaqaç” romanımın ikinci kitabı çapdan çıxacaq. Mənə sual verəndə ki, nəyin üzərində işləyirsiz deyirəm öz üzərimdə işləyirəm. Öz canıma baxmaqla məşğulam (gülür).

- İstirahətinizi nə mənalı edə bilər?

- Deyəsən onlar da heç mənimlə dost olduqlarına görə peşman deyillər. Mənim dostlarım qədim dostlardır. Hardasa 30 ilin dostlarıdır. Dostlarımı tapıb qurtarmışam. Onlarla 10 saata yaxın bir məclisdə otururam, zeytunluq tərəfdə. Ortada yemək də olmalıdır. Çayla başa gələn şey deyil. Mənimçün ən gözəl istirahət dostlarımla keçirdiyim vaxtdır. Bu insanla ünsiyyətdir. Bundan gözəl nə var?

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR