Cəfər İbrahimli: "SOCAR investisiyalarının istiqamətini nəzərə alaraq, növbəti istiqrazlarını fərqli valyutalarda buraxa bilər"

Cəfər İbrahimli: "SOCAR investisiyalarının istiqamətini nəzərə alaraq, növbəti istiqrazlarını fərqli valyutalarda buraxa bilər"
14:52 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanın kapital bazarı tarixində ilk dəfə qiymətli kağızlarla təkrar bazardakı əməliyyatların həcmi buraxılışın həcmindən 80%-dən yüksək olub. İyunun 9-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstiqrazları ilə təkrar bazar əməliyyatlarının həcmi 80 mln. dolları keçib.
Bu barədə "Report"a "SOCAR Capital" MMC-dən bildirilib. 
Məlumatda deyilir ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında banklar da daxil olmaqla təqribən 10 kommersiya strukturunun korporativ istiqrazları dövriyyədədir. Ötən ilin sentyabrında 100 mln. dollarlıq həcmdə buraxılan SOCAR istiqrazları bunlardan hələlik sonuncusudur. Amma digər qiymətli kağızlardan fərqli olaraq təkrar bazarda SOCAR istiqrazlarına tələbat daha yüksək olub. Cəmi 8 ay ərzində (istiqrazların təkrar bazarı 2016-nın oktyabrından başlanıb) BFB-də 80 592 ədəd istiqraz alınıb-satılıb, bağlanmış əqdlərin ümumi dəyəri 81,2 mln. dollara çatıb.
Hazırda bazarda bir sıra iri bankların, bank olmayan kredit təşkilatlarının və rabitə şirkətlərinin istiqrazları dövriyyədə olsa da, onlarla əməliyyatların həcmi olduqca aşağıdır. SOCAR istiqrazları isə şirkətlər və əhali tərəfindən ən çox-alınıb satılan qiymətli kağız sayılır. 
"Kapital Menecment" investisiya şirkətinin analitiki Cəfər İbrahimli bildirir ki, SOCAR istiqrazlarının belə aktiv alınıb–satılmasının əsas səbəbi onların etibarlı və likvid olmasıdır. Ekspertin sözlərinə görə, investorları cəlb edən əsas cəhətlər SOCAR-ın etibarlılığı - böyük aktivlərə sahib olması, şirkətdə korporativ idarəetmənin tətbiqi, hesabatlarının şəffaflığı və beynəlxalq maliyyə standartlarına uyğunluğudur. 
Məhz buna görə, istiqrazların daxili bazar üçün buraxılmasına baxmayaraq onların alıcıları arasında xaricilər də var. İstiqrazlar üzrə market-meyker olan "PSG Kapital" investisiya şirkəti bildirir ki, bunlar Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna və Qazaxıstan vətəndaşlarıdır. 


İstiqrazlara tələbatın böyüklüyünü onların qiymətinin yüksək olması da təsdiq edir. Belə ki, SOCAR istiqrazlarının nominal qiyməti 1000 dollar olsa da, hazırda bazarda bu qiymətə istiqraz demək olar ki, satılmır. Əvvəlki aylarda faiz ödənişlərindən dərhal sonra qısa müddət (1-3 gün) ərzində istiqrazları 1000 dollara əldə etmək mümkün olduğu halda, indi qiymətlər daha yüksəkdir. Hətta kupon ödənişindən dərhal sonra da 1000 dollara istiqraz tapmaq mümkün deyil – qiymətlər 1003-1004 dollardan başlayır. Amma hətta bu qiymətlərlə də istiqraz alanlar, onu satmaq istəyənlərdən qat-qat çoxdur.
Məlumatda bildirilir ki, istiqrazlara tələbatın yüksək olması yeni istiqrazların buraxılmasına ehtiyac yaradır: "Əgər istiqrazlara tələbat böyükdürsə və onların qiyməti yüksəkdirsə, şirkət tələbatı qarşılamaq üçün yeni istiqrazlar buraxmalıdır. Bu üsulla SOCAR həm bazardakı tələbatı qarşılaya, həm də əlavə vəsaitlər cəlb edə bilər. Yeni istiqrazların da elə bu parametrlərlə buraxması məqsədəuyğun olardı".
Xatırladaq ki, SOCAR İstiqrazları 5 illik müddətə və illik 5% gəlirliliklə buraxılıb. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilən faiz ödənişləri çərçivəsində istiqraz sahiblərinə hər istiqraz üçün 25 dollar olmaqla, ümumilikdə 2,5 milyon dollar vəsait ödənilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.
Ekspertin fikrincə, SOCAR öz investisiyalarının istiqamətini nəzərə alaraq, növbəti istiqrazlarını fərqli valyutalarda buraxa bilər: "Əgər vəsaitlərin böyük hissəsi daxili bazarda istifadə olunacaqsa, ən uyğun variant manatla qısamüddətli – bir illik istiqrazların buraxılması ola bilər. Amma onların cəlbedici olması üçün manatla istiqrazların gəlirliliyi Maliyyə Nazirliyinin istiqrazları və manatla qoyulan bank əmanətləri ilə rəqabət apara biləcək səviyyədə olmalıdır".
Qeyd edək ki, SOCAR İstiqrazlarına belə böyük tələbat və alqı-satqıların artımı ölkənin qiymətli kağızlar bazarının dərinliyini və aktivliyini artırıb. Belə ki, bu ilin ilk 5 ayında BFB-də bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 3,3 mlrd. manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə artıqdır. Yanvar-may aylarında korporativ istiqrazlarla təkrar bazarda aparılan əməliyyatların həcmi 93,7 mln. manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 dəfə artıqdır. İstiqrazlarla aparılan əməliyyatların sayı isə 21 dəfə artaraq 409-a çatıb. Bu əməliyyatların da böyük hissəsi məhz SOCAR istiqrazlarının payına düşüb. Belə ki, bu dövrdə SOCAR İstiqrazları ilə 45,6 mln. dollarlıq əməliyyat aparılıb.
Mütəxəssislərin fikrincə, yeni istiqraz buraxılışları bazardakı aktivliyi davam etdirməyə, eləcə də qiymətli kağızlar sektoruna sərmayələri artırmağa imkan verəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/socar-investisiyalarinin-istiqametini-nezere-alaraq-novbeti-istiqrazlarini-ferqli-valyutalarda-bur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR