Azərbaycanda şəhər və kənd arasında internetlə təmin olunmada "rəqəmli fərqlilik" azaldılacaq

Azərbaycanda şəhər və kənd arasında internetlə təmin olunmada "rəqəmli fərqlilik" azaldılacaq
16:01 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin nəzdindəki Beynəlxalq Rabitə Akademiyası və Akademiyanın Azərbaycan bölməsinin təşkilatçılığı ilə “Azərbaycanda Genişzolaqlı internetin inkişafı strategiyası və yeni nəsil şəbəkələrinin tədrisdə tətbiqi” mövzusunda konfrans keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, konfransda qeyd edilib ki, ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli genişzolaqlı internet xidmətlərinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir.

Bildirilib ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramına əsasən, İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdirilərək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatının tam təmin olunması nəzərdə tutulub. Proqrama əsasən, əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında "rəqəmli fərqlilik" azaldılacaq, ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək.

Konfransda, həmçinin məlumat verilib ki, BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyasının "Genişzolaqlı rabitənin vəziyyəti" adlı yeni hesabatında daha zəngin ölkələrdə internetə çıxış doyma həddinə yaxınlaşdığına görə dünyada əhalinin yoxsul təbəqəsi üçün internetə çıxış imkanları hələ ki yüksək templə artmır.

Komissiyanın qiymətləndirməsinə görə, dünyada 3.9 milyard nəfərin internetə çıxışı yoxdur. Bununla belə, 2017-ci ilədək 3.5 milyard (dünya əhalisinin 47%-i) nəfər internetdən istifadə edəcək. Halbuki, 2015-ci ildə bu göstərici 3.2 milyard olub.

Daha sonra məruzəçilər ölkəmizdə genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər.

Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Sirus Abbasbəyli Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları barədə təqdimatla çıxış edib.

Beynəlxalq Rabitə Akademiyasının prezidenti xanım Anastasiya Ositis isə çıxışında bildirib ki, təqdimatlardan da görünür ki, Azərbaycanda genişzolaqlı internetə keçid prosesləri sadəcə izlənilmir, bu xidmətlərin genişləndirilməsi, şəhərlə regionlar arasında “rəqəmli fərq”in azaldılması hökumətin marağındadır. Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqı üzv ölkələrin genişzolaqlı internetə keçidinin tənzimlənməsi, inkişafı və infrastrukturun formalaşması üçün tövsiyələrini əsirgəmir: “Əminəm ki, bugünkü konfrans Azərbaycanda genişzolaqlı internetə keçid prosesinin sürətlənməsinə öz töhfəsini verəcək”.

Tədbirdə, həmçinin İT üzrə aparıcı mütəxəssislərin, alimlərin məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans öz işini "İnternetşünaslıq: problemlər, konseptual baxışlar, perspektivlər" mövzusunda bölmə iclası ilə davam etdirib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2767381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR