Ölkəmizdə meyit orqanlarından istifadə olunur?

“Ölkəmizdə qaraciyər və böyrək transplantasiyası əməliyyatı uğurla həyata keçirilir”.

Bunu Metbuat.az-a açıqlamasında Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib: “Hazırda rəhbərliyim altında olan şöbə tərəfindən yalnız qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunur”.

Yalnız qaraciyər və böyrək nəqli əməliyyatları etməyinizin səbəbi nədir?

Həkim Mircəlal Kazımi deyib: “Qaraciyər serrozu və böyrək çatışmazlığından əziyyət çəkənlərin canlı donor olmaq şansı var. Həmin xəstələrin qohumları orqanlarının bir hissəsini, yaxud birini hədiyyə etməklə əməliyyat oluna bilər. Ağciyər, ürək, mədəaltı vəzi çatışmazlığı zamanı isə meyit orqanına ehtiyac var. Hazırda ölkəmizdə meyit orqanlarından transplantasiya proqramı həyata keçirilmədiyi üçün yalnız qaraciyər və böyrək transplantasiyası əməliyyatını edirik.

Orqan köçürülməsi ilə bağlı ölkəmizdə hansı yeniliklər var?

Həkimin sözlərinə görə, Mərkəz tərəfindən ilk dəfə uşaqlar üzərində aparılan həm böyrək, həm də qaraciyər köçürülməsi əməliyyatlarını göstərmək olar: “Eyni seansda xəstəyə həm qaraciyər, həm də böyrək köçürülməsi, eyni zamanda ürəkdə olan trombun çıxarılması və böyrək köçürülməsi yeniliklər sırasındadır. Bir neçə gün bundan əvvəl tərəfimizdən bir xəstəyə həm böyrək köçürülməsi, həm də qalxanabənzər vəzi əməliyyatı icra olunub”.

Həkim deyib ki, böyrək transplantasiyası əməliyyatlarında donor əməliyyatının, orqan verən şəxsin əməliyyatının laparoskopik (qapalı) üsulla həyata keçirilməsi əsas üstünlüklərdən biridir: “Bu əməliyyatdan sonra donorda yara ağrıları olmur, 3 gün ərzində evə gedə bilir”.

Mircəlal Kazımi əlavə edib ki, bu əməliyyatlar müxtəlif yaş qrupları arasında, daha çox qadınlar üzərində həyata keçirilir: “Nəticələrimiz Avropa və dünyanın transplantasiya cəmiyyətləri, dərnəkləri tərəfindən müsbət və qənaətbəxş qəbul olunur”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR