"İstəmirəm müharibə ola, amma eyni zamanda istəyirəm ki, müharibə olsun" - Millət vəkili

"İstəmirəm müharibə ola, amma eyni zamanda istəyirəm ki, müharibə olsun" - Millət vəkili
16:22 16 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dörd oğlum var, dördünü də ölümə göndərməyə hazıram!"

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini qısa müddətdə azad etmək mümkündür. Amma bu gün bu məsələlər Azərbaycan-Ermənistan müstəvisindən beynəlxalq müstəviyə çıxıb. Azərbaycana isə bunu etməyə imkan vermirlər".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov KİV nümayəndələri üçün keçirilən "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri" haqqında elmi maarifləndirmə və təbliğat kurslarında bildirib.

Millət vəkilinin fikrincə, kənar qüvvələr Azərbaycana torpaqlarını azad etməyə mane olurlar: "Biz Xocalını müdafiə edəndə nə Azərbaycanın Müdafiə Nazirliyi, nə nizami ordusu, nə gücü, nə də yaradılan hərbi hissələrin təminatı vardı. Azərbaycan əsgəri 8 rəngdə paltar-ayaqqabı geyinirdi. Müharibənin hər saniyəsi puldur, hər atılan güllə, əsgərin içdiyi bir qurtum su, hər şey, hər addım puldur. Büdcəsi boş olan, Müdafiə Nazirliyi, ordusu, güclü dövlət idarəçiliyi olmayan vaxtı Azərbaycan arxalı ermənilərin qarşısında tab gətirdi, ərazilərinin 80 faizini qoruyub saxlaya bildi. Bizim döyüşkənliyimiz, torpağa bağlılığımız, şücaətimiz var. Bu gün Azərbaycan dövləti bu güclə, bu iqtisadiyyatla və ordunun gücü ilə istənilən vaxt torpaqlarını azad edə bilər. Ermənilər mif yaradıblar ki, guya güclü orduları var. Boş şeydir! Güclü Azərbaycan ordusu var. Bizim 1995-96-cı illərdən başlayaraq Azərbaycan Ordusunda Türkiyənin xüsusi qüvvələrinin köməyi ilə hazırlıq görmüş bəlkə də 100 minə qədər döyüşçümüz var.

Onlar ehtiyatdadırlar və əmr gözləyirlər. Sual oluna bilər ki, bəs niyə torpaqları geri almırıq? Ala bilərik, amma bu gün bu məsələ Azərbaycan-Ermənistan müstəvisindən çıxıb beynəlxalq müstəviyə keçib. Bu gün ortada hakimlik edən 3 həmsədr dövlət, beynəlxalq qurumlar, digərləri var.  Azərbaycana deyirlər ki, hünərin var səsini çıxart, biz gəlirik! Ötən ilin aprel hadisələri vaxtı onlar necə əl-ayağa düşmüşdülər? Rusiya gecə ilə aləmi qatdı bir-birinə. Bu gün ermənilər öz ətrafında elə bil hörümçək toru qurublar. Ermənistanın hava məkanını, sərhədlərini Rusiya, KTMT qoruyur. Lakin Azərbaycan ordusunun bugünkü gücü elə səviyyədədir ki, əgər o dövlətlər, xüsusilə Rusiya imkan versə, torpaqlarımızı azad etməyə hazırdır. Amma biz bunların heç birindən qorxmamalıyıq, çəkinməməliyik! Özü də burada söhbət Ermənistana qarşı müharibədən, yox Azərbaycanın işğal olunmuş ərazilərinin işğal olunmasından gedir".

Elman Məmmədov hesab edir ki, işğal olunmuş torpaqları geri qaytarmaq üçün mütləq döyüşməli, müharibə etməliyik: "Bəzən deyirlər ki, tez-tez müharibədən danışıram. Mən bilirəm müharibə nədir. Müharibənin hər saniyəsi qandır, ölümdür, itkidir, dağıntıdır. Mən də istəmirəm müharibə ola, amma eyni zamanda istəyirəm ki, müharibə olsun. Nə üçün? Torpağım üçün!
Bir türk şairinin maraqlı fikri var. O deyir:

Gök mavi, başak sarışın...

Tadı ne güzel barışın!

Fakat senin on savaşa

Değer, ey yurt, bir karışın!

Bəli torpağın uğrunda müharibə istəyirəm və dörd oğlum var, dördünü də ölümə göndərməyə hazıram! Əgər biz bu torpaq uğrunda ölmək, itki vermək istəmiriksə, torpaq azad olacaq? Bu vaxta kimi hansı işğal olunmuş torpaqlar qanunla, qərarla, qətnamə ilə azad olunub?

Bu, mənim əqidəmdir, bəlkə də səhv düşünürəm. Amma mən deyirəm ki, Azərbaycan oğlu, Azərbaycan övladı, Azərbaycan gənci, uşağı düşmənə qarşı kinli, qisasçı, barışmaz böyüməlidir! Deyirlər ki, uşağı qisasçı ruhda tərbiyə etmək olmaz, humanist olmaq lazımdır. Mən də deyirəm ki, kim düşmənə qarşı humanistdirsə, o binamusdur, xəyanətkardır, biqeyrətdir! Düşmən məni öldürüb, qanımı töküb, torpağımı işğal edib. Mən ondan niyə qisas almamalıyam?! Bu gün Azərbaycan cəmiyyətində qisasçılıq ruhu yüksək səviyyədə aşılanmalıdır. Barışmazlıq tərbiyəsi elə səviyyədə olmasa, torpaqları geri ala bilməcəyik. Torpaq da müharibə ilə alınacaq, ikinci yolu yoxdur!"

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/554968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR