Həmin gecə Mübariz düşmən mövqelərinə necə girmişdi?-

"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov bu məktubla vidalaşmışdı valideynləri, cəbhə yoldaşları və xalqı ilə. Bu onun son sözləri idi. 18 iyun 2010-cu ildə gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına cəbhə xəttindəki bir kilometrlik minalanmış sahəni keçir. Düşmənin xeyli sayda əsgər, zabit heyətini ilk həmlədə məhv edir.Sonra isə o, düşmənin silahlarını ələ keçirərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur. O, səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Şəhid olduqdan sonra belə düşmən onun əllərini açmağa cəsarət etmir. Ermənistan onun cəsədini 141 gün saxladıqdan sonra təhvil verir.

Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə M.İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Ömrünün 22-ci baharında şəhidlik zirvəsinə ucalan gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında ölkə Prezidentinin həmin tarixdə imzaladığı növbəti Sərəncam da respublikamızın hər yerində igid Vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılanıb. Sərəncama uyğun olaraq, Biləsuvar şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun adı verilib. Həmçinin Biləsuvar şəhərində xüsusi istedada malik uşaqlar üçün inşa olunmuş lisey-məktəb kompleksi də M.İbrahimovun adını daşıyır

Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-2005-ci illərdə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurandan sonra həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Həqiqi hərbi xidmətdən 2007-ci ildə çavuş rütbəsində tərxis olunan M.İbrahimov bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqust ayında yenidən hərbiyə qayıdıb və gizir rütbəsində xidmət etməyə başlayıb. Bir müddət sonra isə öz arzusu ilə Tərtər rayonundakı "N" saylı hərbi hissədə - cəbhə bölgəsində xidmət etməyə başlayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR