Bu gün Möhsün Sənaninin doğum günüdür

Bu gün aktyor, Azərbaycan SSR xalq artisti Möhsün Sənaninin doğum günüdür.

Metbuat.az xəbər verir ki, Möhsün Sənani 1900-cu ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub.

Səhnə həvəsi Möhsün Sənanidə yeniyetmə yaşlarından baş qaldırır. O, həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə Möhsün Sənani birinci dəfə geniş izdiham qarşısına çıxır. 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayır. Onun ilk rejissoru Tiflis Müsəlman Artistləri Dəstəsinin komik aktyoru Mirzəxan Quliyev olub.

M.Sənani 1915-ci ildə Tiflis truppasına cəlb edilib. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında ona dəmirçi Kavənin oğlunu rolu tapşırıblar. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir və ancaq aktyorluqla məşğul olur.

Gənc olmasına baxmayaraq, qısa zaman içərisində ona "Heydər bəy", "Süleyman bəy", "Vəli" ("Arşın mal alan"), "Hambal" ("Məşədi İbad"), "Rzaqulu" ("Nadir Şah"), "Kasio" ("Otello") kimi məsul rollar tapşırılır. Həmin rollar onun aktyorluğunda bir sıçrayış yaradır, həqiqi aktyor şöhrəti qazandırır.

M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır. O, 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. Möhsün Sənani nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan “Səbuhi”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və s. filmləri qeyd etmək kifayətdir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR