ADBTİA-da sınaq qabiliyyət imtahanları keçirilir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında sınaq qabiliyyət imtahanları keçirilir.

Metbuat.az xəbər verir ki, abituriyentlərə kömək məqsədilə ümümi fiziki hazırlıq üzrə ödənişsiz sınaq imtahanları keçirilir.

Cari ilin iyun ayının 5-dən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə bu ali təhsil ocağına daxil olmaq istəyən tələbələr üçün ödənişsiz sınaq qabiliyyət imtahanları keçirilir. İmtahanlarda abituriyentlər ilə yanaşı onların valideynləri də iştirak edir.

Sınaq imtahanları zamanı abituriyentlər Akademiyanın atletika və gimnastika üzrə mütəxəssisləri tərəfindən metodik tövsiyələr, məsləhətlər ala bilirlər.

“Məşq və fiziki hazırlıq” fakültəsinin dekanı, professor Firat Hüseynov bildirib ki, iyun ayının 5-dən bu günədək sınaq imtahanlarında 400-dən artıq abituriyent iştirak edib. Onlar üçün zəruri tövsiyə, metodik kömək, məsləhətlər verilib.

Sınaq imtahanları 4 hərəkətdən ibarətdir ki, onlardan 2-si “aşağı start”dan 100 və 1000 metr məsafəyə “kross” qaçışlarıdır. Sınaq imtahanlarında iştirak edən abituriyentlərin böyük əksəriyyətinin “aşağı start”-dan 100 metr qaçış texnikasında müəyyən texniki qüsurların olduğu müəyyən olundu. Davamlı olaraq, sınaq imtahanlarında iştirak edən abituriyentlərə Akademiyanın mütəxəssisləri tərəfindən müvafiq tövsiyələr verilir və abituriyentlər texniki qüsurları aradan qaldırmaqla, “aşağı start”dan 100 metr məsafəyə qaçışda nəticələrini xeyli yaxşılaşdırır.

1000 metr məsafəyə “kross” qaçışında abituriyentlər 4 yaş qrupunda iştirak edir. Bu hərəkətdə diqqət çəkən məsələ abituriyentlərin öz gücünü, potensialını məsafə boyu qaçışda düzgün bölüşdürə bilməməkləridir. Adətən abituriyent ya yüksək temp ilə qaçışa başlayır və tez yorulur, ya da əksinə öz potensialını finaladək tam istifadə edə bilmir. Bu növ hərəkət üçün hazırlıq daha çox vaxt tələb edir və bu istiqamətdə abituriyentlərə zəruri tövsiyələr və məsləhətlər verilir.

ADBTİA-nın “Kütləvi-sağlamlıq idman növləri” kafedrasının müdiri, professor Elşad Nərimanov bildirib ki, qalan 2 hərəkət gimnastika zalında keçirilir. Oğlan abituriyentlər gimnastika zalında yerindən uzununa tullanma və turnikdə dartınma, qız abituriyentlər isə gimnastika skamyasında qolların bükülüb-açılması, yerindən uzununa tullanma hərəkətlərini icra edirlər. Hərəkətlərin texniki cəhətdən dəqiq icra edilməsi kafedranın müəllimləri tərəfindən göstərilir, daha sonra abituriyentlərə imtahana hazırlıqla bağlı tövsiyələr verilir.

Qeyd etmək lazımdır ki, ilk dəfə Akademiyada sınaq qabiliyyət imtahanı 2016-cı ildə keçirilmiş və bu yenilik abituriyentlər tərəfindən müsbət qarşılandığını nəzərə alaraq, bu təşəbbüsə növbəti illərdə də davam etməyə qərar verilmişdir. Bu il ödənişsiz sınaq imtahanları cari ilin iyun ayının 23-nə qədər keçiriləcək və abituriyentlər imtahan normativləri ilə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə daha ətraflı tanış ola bilərlər.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR