Ötən ay Azərbaycanın qeyri-neft sektoru üzrə 149 mln. dollarlıq mal ixrac edilib

Ötən ay Azərbaycanın qeyri-neft sektoru üzrə 149 mln. dollarlıq mal ixrac edilib
15:42 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Bu ilin may ayında Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 445 şirkət 149 mln. ABŞ dolları məbləğində ixrac əməliyyatı həyata keçirib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir.
Sənədə əsasən, mayda ixrac olunan əsas mallar pomidor, kartof, ağ şəkər, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar, qızıl, emal olunmamış aşqarlanmamış alüminium, qabığı təmizlənmiş meşə fındığı, pambıq lifi, üzüm çaxırı, mis filizləri və konsentratları, günəbaxan və ya saflor yağı, alma, soğan və s. olub.
2017-ci ilin 5 ayı ərzində isə qeyri-neft sektoru üzrə ixrac 557 mln. dollar olub. Bu ixrac əməliyyatlarında 1 021 şirkət iştirak edib. Qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var.
Ötən ay “Azexport” portalına 19 mln. dollarlıq sifariş daxil olub. İlk dəfə Slovakiya, Tayvan və Surinamdan sifarişlər qeydə alınıb. May ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullar - quru süd, meyvə tamlı süd, qırmızı yumurta, günəbaxan yağı, toyuq əti, armatur, yer kökü, şərab, kərə yağı, pambıq toxumu, alma, kosmetik vasitə, makaron, kərpic, nar, qaya duzu, avtomobil diaqnostika aparatı , çay, yataq dəsti, ipək xalça, mebel dəsti, mühərrik yağı, qənnadı məhsulları, boya, nar şirəsi sifariş olunanlar arasındadır.
Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, may ayı ərzində Səudiyyə Ərəbistanı, ABŞ və Hindistandan portala daxil olan ixrac sifarişlərinin sayı artıb. Səudiyyə Ərəbistanından sifarişlər çaya, qənnadı məmulatlarına, avtomobil diaqnostika aparatına və s., ABŞ-dan sifarişçilər təbii bala, fındıq ləpəsinə, nar şirəsinə, bəzəkli şüşə qablara və s., Hindistandan nar şirəsinə, konyaka və s. daxil olub.
Ümumilikdə, 2017-ci ilin yanvar-may aylarında “Azexport”a 45 ölkədən 130 mln. dollarlıq - yanvarda 48 mln. dollar, fevralda 6,5 mln. dollar, martda 27 mln. dollar, apreldə 29,9 mln. dollar, mayda isə 19 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/oten-ay-azerbaycanin-qeyri-neft-sektoru-uzre-149-mln-dollarliq-mal-ixrac-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR