Cahangir Cahangirovun doğum günüdür

Bu gün görkəmli bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirovun doğum günüdür.

Metbuat.az xəbər verir ki, Cahangir Cahangirov 20 iyun 1921-ci ildə Bakının Balaxanı kəndində anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951-ci il, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək, 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. O, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.

Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad və Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.

Əməkdar incəsənət xadimi, xalq artisti, SSRİ dövlət mükafatı laureatı Cahangir Cahangirov 1992-ci ilin 25 martında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR