Fikrət Qocanın Anara yazdığı şeir aranı qatdı

Xalq yazıçısı Anarın Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri olmağından 30 il ötür. Bu münasibətlə AYB-nin birinci katibi Fikrət Qoca sədrə şeir yazıb:

Metbuat.az həmin şeir haqda yazarların münasibətini öyrənib:

Aqşin Yenisey

"Bu şeirdən milli şablon kimi istifadə etmək olar. Anar adının yerinə istənilən idarə müdirinin, ad günü olan adamın, təzə bəyin, birinci sinifə gedən uşağın adını qoyub istifadə etmək olar."

Emin Piri

"Adətən dost sözü, hər hansı yubileylə, ad günü ilə bağlı məsələlərdə tərif olması normaldı. Tənqidin yeri ayrı zamandı. Fikrət Qoca həm dost kimi, həm də yubileylə bağlı sözünü deyib. Və bunu şeirlə ifadə edib. Qeyri-adi təəccüblü bir şey görmürəm. Anar güclü yazıçıdır. Tərifi əsərləri ilə qazanıb".

Aqşin Evrən:

"Bu, şeir deyil, Fikrət Qocanın dostu Anarla "inboks"da zarafatlaşmasıdır. Fikrət Qoca zamanında yaxşı mahnı mətnləri yazıb. Bir kiçik dost kimi ona təklif edirəm ki, bundan sonra yazdığı şeirləri mətbuatda yayımlamasın. Qaldı ki, Anar müəllimin AYB-dəki 30 illiyinə, onu da təbrik edirəm, eşq olsun!".

Kənan Hacı

"Anar müəllimlə Fikrət Qoca uzun illərin dostudur. Fikrət müəllim bu yaşında, məlum ağır itgidən sonra şeir yazmağa özündə güc tapırsa, deməli mənəvi cəhətdən çox dözümlü, iradəli adamdır. Dostun dosta şeir yazmasından təbii nə ola bilər?! Allah hər ikisinə can sağlığı versin!"

Şərif Ağayar

"Çox dəyərli şeirdir. Oxuyub xeyli kövrəldim. Fikrət müəllimdə üçüncü nəfəs açılıb. Təbrik edirəm!".

Hikmət Orhon

"Mən belə şeirləri 7-8-ci sinifdə oxuyanda məşq üçün yazır, gizlədirdim ki, heç kimin əlinə keçməsin".

Ayxan Ayvaz"Çox gözəl, orijinal şeirdir. Hiss olunur ki, Fikrət Qoca təzədən ədəbiyyata gəlir. Bu misralar yenidir, təzədir. Anar müəllim haqqında bundan daha gözəl şeir yazıla bilməzdi. Bu şeirə mahnı yazılsın, dillər əzbəri olsun. Gənclər də görsün ki, şeir necə olur... Bir gənc kimi Fikrət Qocadan örnək götürsünlər".

Kəramət Böyükçöl

"Bildiyimə görə Fikrət Qoca ilə Anar uzun illərin dostlarıdır. O, öz dostunu pələng, şir kimi görürsə, biz ona nə deyə bilərik?! Hamının bir yaradıcılıq azadlığı var. Ürəyi belə istəyib, yazıb. Fikrət müəllim publisitik məqalə yazsaydı, hansısa ictimai əhəmiyyət kəsb edən bir məsələdə haqsız hesab etiyimiz mövqe sərgiləsəydi fikir bildirmək olardı".

SÖZÜGEDƏN ŞEİR:

Fikrət Qocanın, Anara yazdığı şeiri təqdim edirik:

Adı qoyulandan yenidir Anar.

Bədii “idmanda” qızıl medalçı,

Güləşdə səksəni yenibdi Anar,

Baxma ağarıbdı saqqalı, saçı.

Heç vaxt çəkinməyib, daldalanmayıb,

Heç bir vəziyyətdə haqqı danmayıb.

Gəzsə də dünyanı uzaq elləri,

Vətən ürəyində, nəfəsindədi.

Bütün obrazları, düşüncələri

Bir polad məntiqin qəfəsindədi.

Qələmi gücünə o məşhur olub.

Düşmən qarşısında pələng, şir Anar

Gözəllər yanında gənc şair olub.

Qəlbin çox cavandı, qələm yorulmaz,

Dostumun qəlbində bahar fəslidi.

Alça çiçəyidi saqqalı, saçı,

İcazə istəmir gələndə bahar...

Yaxşısı budur ki, gələndə Anar

Üzünə qapını özünüz açın...

Yaşamaq, yaratmaq dönüb savaşa,

Hələ çox işlərin çatmayıb başa.

Allah çox böyükdü, özü də qıymaz,

Sənətkar zəhmətin yarımçıq qoymaz.

Qəlbində alışan bu od, bu ocaq

Hələ vulkan kimi püskürəcəkdi.

Şuşada ad günün qeyd olunacaq,

Onda da yanında olacağam mən.

Ya sənlə yanaşı, ya göy üzündə,

Cəngi dinləyərik Cıdır düzündə.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR