Türkiyə ordusu Qətərin işğalını belə əngəllədi....

Təxminən 1 ay öncə BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətər ilə diplomatik əlaqələri kəsdiyini bəyan etdi.

Metbuat.az xəbər verir ki, Qətərlə diplomatik əlaqələri kəsən dövlətlər vətəndaşlarına 48 saat ərzində ölkələrinə qayıtmağa göstəriş verdi. Qətərlə 7 ərəb ölkəsi arasında yaşanan diplomatik böhran bir çox beynəlxalq hava reyslərinin təxirə salınmasına və bank əlaqələrinin dondurulmasına səbəb oldu.

Ərdoğan Qətərdə türk hərbçilərinin yerləşdirilməsi sazişini təsdiqlədi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalaması ilə vəziyyət nisbətən Qətərin xeyrinə dəyişməyə başladı. Belə ki, Qətərə qarşı kəskin mövqe nümayiş etdirən bir sıra ərəb ölkələri onunla danışıqlara can atmağa başladı.

Qətər Yəmənə 48 saat vaxt verdi - MƏNBƏ

“Qətərə qarşı nümayiş etdirilən yumşalma siyasəti bir neçə məqamla bağlıdır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Samir Həmidov deyib.

“Qətər böhranında bir neçə məqam var. Birincisi, bu ABŞ-ın ənənəvi siyasətidir ki, Körfəz ölkələrini hər hansı bir ümumi düşmənlə qorxutsun, onlara silah satsın. Əvvəlcə onları İranla qorxutdu. Körfəz ölkələrinə (Səudiyyə Ərəbistanına, Qətərə, Küveytə, BƏƏ-yə və digərlərinə) xeyli miqdarda silah satdı. Daha sonra bu düşmən artıq ərəb ölkələrinin özləri arasında tapılmağa başladı. Ortaya Yəmən problemi çıxdı, onun arxasınca da Qətər. Yəni, birinci səbəb ABŞ-ın regionda öz hərbi sənayesini, hərbi, geosiyasi maraqlarını həyata keçirmək üçün apardığı siyasəti göstərməkdir. İkinci faktor Qətərin öz qaz resurslarını satması, nəql etməsi ilə bağlı həyata keçirmək istədiyi planlarla bağlıdır. Qətərin planları var idi ki, öz qaz resurslarını dünyaya çıxarsın. Hətta kəmərlərin çəkilməsi ilə bağlı layihələr də mövcuddur. Bu da Səudiyyə Ərəbistanının maraqlarına zidd idi. İkinci səbəb buradan qaynaqlanır, yəni, iqtisadi maraqların toqquşması.

Qətərin Türkiyə ilə isti münasibətləri bəzi ölkələri narahat edirdi

Üçüncü məqam - Qətərin Türkiyə ilə olan sıx münasibətləri regionda bəzi ərəb dövlətlərini narahat edirdi. Və bu ittifaqa hansısa formada qısqanclıqla yanaşılırdı. Böhran baş verəndən sonra Türkiyənin, İranın Qətərə verdikləri açıq dəstək ərəb dövlətlərində müəyyən çəkindirmə vəziyyəti yaratdı. Onlar başa düşdülər ki, bu cür davam etsələr, nəticədə Qətəri itirməklə bərabər, regionda özlərinə çox ciddi rəqiblərin formalaşmasına, hətta həmin dövlətlərlə Qətər arasında hərbi bazaların genişlənməsinə və geosiyasi ziddiyyətlərin dərinləşməsinə gətirib çıxaracaq. Buna görə bir sıra böyük dövlətlər, o cümlədən Rusiya ilə ABŞ-dan gələn bəyanatlara uyğun olaraq, yumşalma siyasəti tətbiq edildi”.

Aytən Novruzova / Metbuat.az

Video Sərvan Şəldiyev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR